BAKI, 25 avqust. TELEQRAF
Bu gün Şeyxülislam Allahşükür Paşazadə İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilunu qəbul edib.
Bu barədə Teleqraf-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan və İran dövlətləri, xalqları arasında bütün sahələrdə, o cümlədən, dini-mənəvi müstəvidə tarixi, ənənəvi əlaqələrin möhkəmlənməsinin vacibliyinə toxunulub.
QMİ sədri bildirib ki, İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın ölkəmizə rəsmi səfəri, Azərbaycan Prezidenti İlham Əliyevlə Xankəndi Zirvəsində bir araya gəlməsi mühüm əhəmiyyət kəsb edən tarixi hadisələrdir və ölkələrimiz arasında münasibətlərin daha artıq müsbət təkamülünə, əməkdaşlığın dərinləşməsinə təkan olacaq.
İşğaldan azad olunmuş Qarabağda gedən genişmiqyaslı yenidənqurma işləri, vandalizmə məruz qalmış dini-mənəvi irsimizin dirçəldilməsi barədə danışan A.Paşazadə bunu ümumislam əhəmiyyətli hadisə kimi dəyərləndirib və səfirə həmin ərazilərə səfər etməyi tövsiyə edib.
QMİ sədrini ad günü münasibətilə təbrik edən M.Dəmirçilu qeyd edib ki, İranda Şeyxülislama böyük ehtiram bəslənilir. O, İran İslam Respublikasında keçiriləcək beynəlxalq konfransa dəvət məktubunu A.Paşazadəyə təqdim edib, İslam Əməkdaşlıq Təşkilatı xətti ilə Mühəmməd peyğəmbərin mövludunun 1500 illiyinin qeyd olunması çərçivəsində İranda baş tutacaq tədbir barədə məlumat verib.
Səfir COP 29 çərçivəsində Bakıda Dini Liderlərin Zirvə görüşünü mühüm tədbir olaraq yüksək dəyərləndirib.
Qəbul zamanı dünyada və regionumuzda sülh və əməkdaşlıq mühitinin vacibliyi vurğulanıb, dostluq, qonşuluq və qardaşlığın möhkəmləndirilməsi istiqamətində qarşılıqlı səylərin zəruriliyi qeyd olunub.