BAKI, 7 avqust. TELEQRAF

Şəmkirdə 7 nəfərin ölümünə səbəb olan qəzada iştirak edən nəqliyyat vasitələrinin daşımalara buraxılış vəsiqəsi olmayıb.

Teleqraf xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, bu güb saat 05 radələrində Bakı-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Şəmkir rayonu ərazisində Bakıdan Qazaxa hərəkət edən sərnişin mikroavtobusu yük maşını ilə toqquşub.

"Qəza nəticəsində ölən və yaralananların olduğuna təəssüf edirik. Həyatını itirənlərə Allahdan rəhmət diləyir, yaralı sərnişinlərə şəfa arzu edirik.

Qeyd edirik ki, 99-GO-705 dövlət qeydiyyat nişanlı "Mercedes-Bens" markalı “Sprinter” mikroavtobusu sifarişli sərnişindaşımanı fərqlənmə nişanı, daşımalara buraxılış vəsiqəsi və buraxılış kartı olmadan həyata keçirib.

Həmçinin, məlum olub ki, 20-DL-094 dövlət qeydiyyat nişanlı KAMAZ markalı yük nəqliyyat vasitəsinin də daşımalara buraxılış vəsiqəsi və buraxılış kartı olmayıb.

Nəqliyyat vasitələri qanunvericiliyin tələblərinə uyğun olaraq, reysqabağı texniki müayinə, sürücülər isə tibbi müayinədən keçməyib.

Yol-nəqliyyat hadisəsinə səbəb olan amillərin təyin edilməsi üçün müvafiq araşdırmalara başlanılıb.

Hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır", - məlumatda qeyd olunub.