BAKI, 21 iyul. TELEQRAF

Son illər qonşu ölkələrdən əldə olunan kvalifikasiyaların tanınmasına dair imtina qərarlarının sayı artmaqdadır.

Bu barədə Teleqraf-a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən (TKTA) məlumat verilib.

Bildirilib ki, təhlil xarakterli ətraflı məlumatlar (ən çox imtina verilən kvalifikasiyalar üzrə ali təhsil müəssisələrinin siyahısı, imtina səbəbləri və digər zəruri məqamlar) Agentliyin həm rəsmi saytında, həm də sosial şəbəkə hesablarında mütəmadi olaraq paylaşılır.

"Tənzimlənən ixtisaslar (hüquq, müəllimlik və mühəndislik) üzrə TKTA-nın sifarişi ilə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil olunan imtahanlarda aşağı reytinqli universitetlərdən əldə olunan kvalifikasiya sahiblərinin qeyri-qənaətbəxş imtahan nəticələrinin sayının kifayət qədər çox olması narahatedici məqamdır. Bu məqsədlə, müraciətçilərə sözügedən istiqamətlər üzrə təhsil almadan öncə müvafiq təhsil müəssisələrini araşdırmağı tövsiyə edirik

Bildiririk ki, xarici ölkələrdə təhsil aldığınız müddətdə Qaydaların 4-cü bölməsinin 4.1-ci bəndinin yarım bəndlərində qeyd olunan tələblər xarici kvalifikasiyaların tanınması istiqamətində ilkin şərtləri ehtiva edir. Belə ki, əldə olunan xarici kvalifikasiyanın ölkə ərazisində tanınması istiqamətində Qaydalarda qeyd olunan tədrisin normativ müddətinə uyğun təhsil almaq, müəyyən olunmuş təhsil müddəti ərzində müvafiq xarici təhsil müəssisəsində fiziki olaraq dərslərdə iştirak etmək zəruridir. Sözügedən tələblərə əməl olunmadan əldə edilən xarici kvalifikasiyaların ölkə ərazisində tanınması mümkünsüzdür", - məlumatda bildirilib.