XOCALI, 14 iyul. TELEQRAF

Xocalı rayonunun Xanyurdu kəndinə çatan ailələrə evlərin açarları təqdim edilib.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, ilk mərhələdə köçürülən 122 nəfərdən ibarət 33 ailəyə mənzillərin açarları təqdim edilib.

Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin rəsmiləri iştirak ediblər. Xanyurdu kəndində daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş fərdi yaşayış evlərində mənzillər verilib.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu, bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 43 mindən çox insan yaşayır.

***

14:23

XOCALI, 14 iyul. TELEQRAF

Xocalı rayonunun Təzəbinə kəndlərinə ilk köçən ailələrə evlərin açarları təqdim edilib.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, açarların təqdim edilməsi mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.

Xocalı rayonunun yenidən qurulan Təzəbinə kəndlərinə ölkənin müxtəlif yerlərindən, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələr köç ediblər.

Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra, təhlükəsiz və ləyaqətlə doğma yurda qayıdan Xanyurdu və Təzəbinə kənd sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

***

14:06

BAKI, 14 iyul. TELEQRAF

Xocalı rayonunun Təzəbinə və Xanyurdu kəndlərinə ilk köçürülən ailələr mənzil başına çatıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu köç prosesində Təzəbinə kəndinə 28 ailə olmaqla 125 nəfər, Xanyurdu kəndinə isə 33 ailə olmaqla 122 nəfər köçürülür.

Bu köç prosesi də nəzərə alınmaqla Xocalı rayonunun 4 yaşayış məntəqəsinə 327 ailə, yəni 1433 nəfərin daimi məskunlaşması təmin edilib.

Qeyd edək ki, həm Təzəbinə, həm də Xanyurdu kəndləri işğaldan azad edildikdən sonra yenidən qurulan kəndlərdəndir.

Hər iki yaşayış məntəqəsində evlər, məktəb, uşaq bağçası, sosial müəssisələr əsaslı təmir olunub, yaşayış üçün lazımi infrastruktur yaradılıb.

***

​06:25

BAKI, 14 iyul. TELEQRAF

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Xocalı rayonunun Xanyurdu və Təzəbinə kəndlərinə ilk köç karvanı yola salınıb.

Teleqraf xəbər verir ki, ilk mərhələdə Xanyurduna 33 ailə - 122 nəfər, Təzəbinəyə isə 28 ailə, 125 nəfər köçürülüb.

Onlar ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Həm Təzəbinə, həm də Xanyurdu kəndləri işğaldan azad edildikdən sonra yenidən qurulub. Hər iki yaşayış məntəqəsində evlər, məktəb, uşaq bağçası, sosial müəssisələr əsaslı təmir olunub, lazımi infrastruktur yaradılıb, təmizlik və digər abadlıq işləri görülüb.

Doğma yurda qayıdan Xanyurdu və Təzəbinə kənd sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, onların ailələrinə səbir diləyiblər.

Hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən çox insan yaşayır.

Bu gün Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və digər dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə hər iki kəndə köçən sakinlərin qarşılanma mərasimi keçiriləcək, mənzillərin açarları təqdim olunacaq.