BAKI, 30 iyun TELEQRAF
Bu gün fövqəladə hallar naziri Kəmaləddin Heydərov Şamaxı şəhərində, Şamaxı Olimpiya Mərkəzinin inzibati binasında Şamaxı və Qobustan rayonları sakinlərinin qəbulunu keçirib.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Əvvəlcə, nazir K.Heydərov xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Şamaxı şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub, əziz xatirəsini dərin ehtiramla yad edib.
Sonra fövqəladə hallar naziri tərəfindən qəbul edilən Şamaxı və Qobustan rayonları sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə Nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.
Fövqəladə hallar naziri ilə yanaşı, nazir müavinləri, Nazirliyin müvafiq struktur bölmə və qurumlarının rəhbərləri də vətəndaşları qəbul edib.
Qəbula gələn vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə ölkə Prezidentinə minnətdarlıq ediblər.