GƏNCƏ, 23 iyun. TELEQRAF

Gəncə şəhərində yerləşən Abbas Səhhət adına xəstəxananın Fizioterapiya şöbəsində işıqlar sönüb, bir aydan çoxdur ki, lift fəaliyyət göstərmir.

Sakinlərin Teleqraf-ın yerli bürosuna verdiyi məlumata görə, sözügedən şöbədə elektrik sistemi sıradan çıxıb, lampalar götürülüb, şöbədə bir sıra xidmətlər dayanıb. Həmçinin bir aya yaxındır xəstəxananın lift sistemi işləmir.

İddialara görə, hazırda ağır xəstələrin binanın digər mərtəbələrinə çatdırılmasında çətinliklər yaranır.

Məsələ ilə bağlı TƏBİB-dən Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Fizioterapiya şöbəsi Kəpəz Ailə Sağlamlıq Mərkəzinin binasında (3-cü mərtəbə) fəaliyyət göstərir.

"Lift sisteminin qurulması işləri hazırda davam etdirilir.

Şöbənin dəhlizində olan tavandakı işıqlar təmizlənmə məqsədilə sökülüb və yenilənmə işləri aparılaraq bərpa edilib.

Ümumiyyətlə, şöbənin elektriklə təminatında heç bir nasazlıq və problem yaranmayıb", - məlumatda bildirilib.