BAKI, 18 iyun. TELEQRAF

"Fərhadın maddi sıxıntıları vardı, uzun müddətdən bəri işsiz idi".

Bunu mərhum Fərhad Yalquzağın dostu Gündüz Hunlar Teleqraf-a açıqlamasında deyib.

Onun sözlərinə gorə, rəssam əvvəllər heç vaxt intihara cəhd etməyib.

"İdmançı idi. Birinci Qarabağ müharibəsində döyüşmüşdü.

Bacısı mənə zəng etdi ki, Fərhaddan xəbər yoxdu. Biz Fərhadla yaxın dostuq. 16 yaşımızdan bəri bərabər oturub-durmuşuq. Bacısı məndən soruşdu ki, xəbərin yoxdur haradadı? Çünki Fərhad tez-tez çıxıb harasa gedirdi. Rayona, ora-bura. Gedəndə emalatxananın açarlarını qızına verərdi ki, keçib quşlara yem versinlər. Emalatxanada tutuquşular saxlayırdı.

Bacısı dedi qapı bağlıdır, özü də yoxdur. Zəngə cavab vermir. Mən də uşaqlara xəbər saldım, soruşdum. İyirmi gün bundan qabaq danışmışıq. Çox yaxın dost idik, baş qarışıq oldu, bir müddətdir görüşmürdük.

Sonra Cavid Məmmədov zəng etdi dedi ki, emalatxananın qapısını sındırıblar, içəridə tapılıb. Gecə saat bir-iki arası baş verib.

Biz indi morqa gedirik. Bacısıyla gecə danışdıq, dedi ki, 11-də morqdan meyit götürüləcək. Zabrat qəsəbəsində anasının yanında dəfn ediləcək".

G.Hunlar deyib ki, Fərhad Yalquzaq həyat yoldaşından ayrılmışdı, amma qonşu mənzillərdə yaşayırdılar.

"Aralarında bir divar var. Emalatxanasını onlara verib, özü də qonşuda kirayədə qalırdı. Ailəsinə baxırdı, qızına baxırdı", - dostu bildirib.

Qeyd edək ki, ötən gün vəfat edən rəssam Fərhad Yalquzağın meyiti Bakıda emalatxanada aşkarlanıb. Əldə etdiyimiz xəbərə görə, o, bıçaqla özünə xəsarət yetirib və qanaxmadan ölüb.

Fərhad Əhmədli oğlu İsgəndərov (Fərhad Yalquzaq) 1973-cü il martın 14-də anadan olub. Sənətkarın yaradıcılığının əsasını avanqard üslub təşkil edib.

O, 2022-ci ildə "XAZART" simpoziumunda iştirak edərək texnika və yaradıcılıq prinsiplərini gənclərlə paylaşıb. "Muzey Mərkəzi"nin sərgilərində isə "Afrikalı şaman" (2009), "Bilyard ustası" (2010) və s. əsərləri yer alıb.