BAKI, 17 iyun. TELEQRAF

Əlillik və fiziki məhdudiyyətli şəxslərin təhsilə cəlb olunması ilə əlaqədar bir sıra işlər görülür.

Teleqraf xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin sədr müavini Həbib Kərimov "Audiovizual mediada bərabərlik və informasiyaya əlçatanlıq" adlı tədbirdə deyib.

O bildirib ki, görmə qabiliyyəti qismən və ya tam məhdud olan şəxslərin həm peşə məktəblərində, həm də kolleclərdə təhsillərini davam etdirməsi ilə bağlı tədbirlər görülür.

"Hər il 7-8 əlilliyi olan şəxs peşə məktəblərində, kolleclərdə təhsilini davam etdirir. Bizim hətta 596 bal toplayan görmə qabiliyyəti olmayan məzunumuz da var".

O həmçinin qeyd edib ki, eşitmə qabiliyyəti məhdud olan şəxslər də təhsilə cəlb olunur:

"Son 3-4 il ərzində 30-dan çox belə şəxs müxtəlif kolleclərdə təhsilini davam etdirib. Bu, inklüziv təhsilin inkişafı istiqamətində görülən işlərin nəticəsidir", - o bildirib.