BAKI, 13 iyun. TELEQRAF

"İkinci Qarabağ müharibəsində qazi olmuş şəxslərə, müharibə veteranlarına verilən təqaüd onların kommunal, nəqliyyatdan istifadə kimi ehtiyaclarını qarşılamaq üçün nəzərdə tutulub".

Teleqraf xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev 2025-ci ildə həyata keçirlən sosial islahat paketi çərçivəsində müavinət və təqaüdlərin artırılmasına dair brifinqdə jurnalistlərin suallarını cavablayarkən deyib.

"Statistika Komitəsinin 2024-cü ilin statistik məlumatlarına görə, su, işıq, qaz üçün sərf edilən vəsait müvafiq olaraq 28 manat 70 qəpik, nəqliyyat xərcləri 24 manat 30 qəpik, rabitə xərcləri 12 manat 30 qəpikdir. Bu da ümumilikdə 65 manat edir. Bu 80 manatlıq təqaüddən 22 faiz yarım aşağıdır", - nazir müavini vurğulayıb.

O bildirib ki, bu yanaşma sosial ədalət prinsipinə dayanır və veterenların əmək qabiliyyəti mümkün olduğundan onlar məşğulluqla bağlı təşviq edilirlər.

Nazir müavini qeyd edib ki, veteranların məşğulluğu təmin olunur, onlar məşğulluq proqramlarına cəlb edilirlər.