BAKI, 12 iyun. TELEQRAF
"Qadınlar ailə və cəmiyyəti bir arada tutan gücdür".
Teleqraf xəbər verir ki, bunu Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdəmir Göktaş Bakıda “Milli mədəniyyətimizi, kimliyimizi və dəyərlərimizi keçmişdən gələcəyə daşıyan körpü-Ailə” mövzusunda keçirilən “Gənc ailə forumu”nda deyib.
O bildirib ki, qadınların iş fəaliyyəti iqtisadiyyatın inkişafına kömək edir.
"Bu sahədə qadınların qarşılaşdıqları çətinliklərin aradan qaldırılması öncəliyimizdir. Onların önündən əngəlləri qaldırmalıyıq. Bu gələcək ailələr üçün həyati məsələdir. Türkiyə qadın-kişi bərabərliyini tətbiq edən 23 ölkədən biridir. Qadına qarşı şiddətə sıfır tolerantlıq göstəririk", - nazir əlavə edib.

Özbəkistanın Məşğulluq və Yoxsulluğun Azaldılması Nazirliyinin rəsmisi Rano Turdiboyeva bildirib ki, 34 milyonluq ölkənin yarısı, yəni 17 milyonunu qadınlar təşkil edir.
"Tələbələrin 52%-dən çoxu qadınlardır. Özbəkistanda magistr təhsili qadınlar üçün pulsuzdur. Ailə institutunun gücləndirilməsi üçün şəbəkə yaradılıb. Hər il 15 may "Çiçəklənən ailə" layihəsi kimi həyata keçirilir.
Beynəlxalq əməkdaşlığa daim açığıq. Ölkəmizdə gender bərabərliyini təmin edirik", - o əlavə edib.
.jpg)
Qırğızıstanın Əmək, sosial təminat və miqrasiya nazirinin müavini Kıyal Januzakova bildirib ki, qadınların müasir cəmiyyətlərdə inkişafı və gender bərabərliyi istiqamətində son dövrlərdə mühüm addımlar atılır.
O bildirib ki, əlilliyi olan şəxslərin hüquqlarının qorunması istiqamətində nailiyyətlər əldə olunub.
"Konvensiya və müvafiq hüquqi sənədlər çərçivəsində bu qrup üçün imkanların genişləndirilməsi, sosial müdafiə tədbirlərinin gücləndirilməsi və ictimai həyatdakı iştiraklarının artırılması yönündə sistemli addımlar atılır. Rəqəmsal bacarıqların artırılması da bu sosial qruplar üçün önəmli prioritetlərdəndir. Sosial rifahı təmin etmək üçün qadınlara, uşaqlara və əlilliyi olan şəxslərə ödənişli müavinətlər təqdim olunur. Bərabər imkanlar prinsipi əsasdır. Qadın sahibkarlığının inkişafı, məişət zorakılığına qarşı mübarizə, genderə həssas büdcə planlaşdırılması və qadınların peşəkar inkişafı sahələrində də mühim işlər görülür" - o qeyd edib.

Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyinin əməkdaşı Kairat Kanbarovun sözlərinə görə, 2030-cu ilə kimi Qazaxıstanda gender siyasəti həyata keçirilir.
Qazaxıstanda gender bərabərliyi ilə bağlı komissiyaların fəaliyyət göstərdiyini deyən K.Kanbarov işləyən qadınların hökumət tərəfindən dəstəkləndiyini deyir.
"Qazaxıstanda qadınlara bu istiqamətdə dəstək verilir. Bu ilin avqust ayında ölkəmizdə beynəlxalq konfrans keçiriləcək. Sizləri fəxri qonaq kimi həmin tədbirə dəvət edir və qadınlara dəstək sahəsində birgə əməkdaşlığa səsləyirik", - o bildirib.
Tədbirin sonunda Türk Dövlətləri Təşkilatının ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və rəhbərlərinin 2-ci iclasının yekununa dair birgə kommunike qəbul edildi.