BAKI, 12 iyun. TELEQRAF
İşğaldan azad edilmiş ərazilərə 2615 ailə, yəni 10 233 vətəndaşın köçürülməsi baş tutub.
Teleqraf xəbər verir ki, bunu Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Milli mədəniyyətimizi, kimliyimizi və dəyərlərimizi keçmişdən gələcəyə daşıyan körpü-Ailə” mövzusunda keçirilən “Gənc ailə forumu”-nda deyib.
O bildirib ki, “2026-cı ilin sonuna qədər 34 500 ailənin, 140 min vətəndaşın köçürülməsi nəzərdə tutulub.
B.Muradova qeyd edib ki, ailə institutunun möhkəmləndirilməsi azad və demokratik cəmiyyətin əsas strateji hədəflərindəndir.
"Azərbaycanda ailə modelinin əsasında milli-mənəvi dəyərlər, tarixi ənənələr və gender bərabərliyini təşviq edən yanaşma dayanır. Müasir çağırışlar qarşısında ailənin rolu daha da artmaqdadır. Gənc nəslin düzgün tərbiyəsi, milli-mənəvi dəyərlərin qorunması və məsuliyyətli vətəndaşların formalaşması məhz ailədən başlayır", - o əlavə edib.