BAKI, 4 iyun. TELEQRAF
"Hazırkı tariflər 4-13 dəfə real tariflərdən aşağıdır".
Teleqraf xəbər verir ki, bunu “Azərenerji” ASC-nin Texniki-istehsalat idarəsinin rəisi Vaqif Tağıyev parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində "İstilik təchizatı haqqında" Qanunla əlaqədar keçirilən ictimai dinləmədə deyib.
O bildirib ki, Tarif Şurasının qərarına əsasən, 1 kvadratmetr sahəni isitmək üçün 30 qəpik tarif haqqı tətbiq olunur:
"Mövcud tarifə əsasən, “Azərenerji”nin istilik enerjisinin “Azəristiliktəchizat”a topdansatış qiyməti 3 manatdır. 1990-cı illərdən sonra tikilib istifadəyə verilən binalarda 1 kvadratmetr yaşayış sahəsinin isidilməsi üçün 60-80, 1990-cı illərədək tikilən binalarda 150-160 kilavat-saat enerji tələb olunur. 1 kvadrat metr sahənin bir aylıq isidilməsi üçün istilik enerjisinin dəyəri 24-80 qəpik arasındadır. Amma hazırda tariflə 30 qəpik təyin olunub. Baki İstilik Elektrik Mərkəzinin isitilik enerjisinin maya dəyəri 42,5 manatdır. Biz onu 3 manata satırıq. Hazırkı tariflər 4-13 dəfə real tariflərdən aşağıdır".