BAKI, 25 aprel. TELEQRAF
Sabunçu Tibb Mərkəzində Üz-çənə cərrahiyyəsi şöbəsi fəaliyyətə başladı.
Bu barədə Teleqraf-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, 10 çarpayıdan ibarət yeni şöbə zəruri və müasir tibbi avadanlıqlarla təchiz olunub. Şöbədə üz-çənə travması və patologiyaları olan pasiyentlərin müayinə və müalicəsi üçün müasir standartlara uyğun şərait yaradılıb. Üz-çənə cərrahiyyəsi üçün istifadə olunan tibbi sərfiyyat – titan mini lövhələr, vidalar, o cümlədən fiziodispenser (elektrikli motor) və digər lazımi avadanlıqlarla təchiz olunan şöbədə icbari tibbi sığortanın Xidmətlər Zərfinə uyğun olaraq, üz-çənə cərrahiyyəsinə aid bütün növ tibb xidmətlərinin göstərilməsi mümkündür.
Üz-çənə cərrahiyyəsi şöbəsində ilk cərrahi əməliyyat da uğurla icra olunub. 2002-ci il təvəllüdlü pasiyent (kişi) üzərində ikitərəfli sagittal split osteotomiya (Bilateral Sagittal Split Osteotomy) və lefort I osteotomiyası əməliyyatı həyata keçirilib. Hazırda şöbədə pasiyentin müalicəsi davam etdirilir və vəziyyəti stabil qiymətləndirilir.