BAKI, 11 aprel. TELEQRAF

Taksi fəaliyyəti göstərmək üçün hüquqi şəxslər və ya fərdi sahibkarlar buraxılış vəsiqəsi və buraxılış kartına müraciət etdikdə tələb olunan sənədlərdən biri də reysqabağı tibbi müayinə müqaviləsidir.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, sürücü narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələr və psixotrop maddələrdən istifadənin müəyyən edilməsi üçün aparılan tibbi müayinənin nəticəsi barədə məlumatları mütləq qaydada təqdim etməlidir. Həmin sənədlər olmadığı təqdirdə daşıyıcılar icazə üçün müraciət edə bilməzlər.

"Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar sürücülərin reysqabağı tibbi müayinədən keçirməsini təmin etməlidirlər. Hüquqi şəxslər və ya fərdi sahibkarlar sürcülərin tibbi müayinəsi üçün tibb müəssisələri ilə müvafiq qaydada müqavilə imzalayaraq fəaliyyət göstərir. Qeyd olunan şərait bəzi daşıyıcılar tərəfindən parklarda da yaradılır", - qurumdan bildirilib.

Qeyd edək ki, dünən günorta saatlarında Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində, körpü üzərində taksi avtomobilinin "uçuş"u xatırladan qeyri-adi qəzası baş verib.

Taksi sürücüsünün narkoloji dispanserdən keçib-keçməməsi sual doğurur. AYNA-dan verilən cavaba əsasən, taksi sürücüləri bu prosesdən keçərək fəaliyyət göstərirlər.