BAKI, 10 aprel. TELEQRAF
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2025-ci ilin yanvar, fevral və mart ayları ərzində vətəndaş müraciətlərini araşdırarkən işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlərdən ibarət 80 min manatdan çox vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyi müəyyən olunub.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib.
Bildirilib ki, bununla əlaqədar görülən tədbirlər nəticəsində həmin vəsaitlər işəgötürənlər tərəfindən işçilərə ödənilib.
Həmin vəsaitlərin 93 faizi əməkhaqlarından, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan və zərərə görə ödənclərdən ibarət olub.
Qeyd edilib ki, müraciətlərin araşdırılması zamanı Xidmət həmçinin 17 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib.
Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.