BAKI, 27 mart. TELEQRAF

"Alatava ərazisində aparılan söküntü işləri dayandırılıb".

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirib.

Qeyd olunub ki, Alatava ərazisində aparılan söküntü işləri ilə əlaqədar bu gün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən əraziyə baxış keçirilib və bu işlərin müvafiq icazə olmadan aparıldığı müəyyən edilib.

"Qeyd edək ki, aparılan işlər vətəndaşlarla tam razılıq əldə edilmədən və mövcud qanunvericiliyin tələblərinə zidd aparıldığı üçün Baş İdarə tərəfindən aidiyyəti qurumlarla birlikdə dayandırılmış və aktlaşdırılmışdır. Qanunsuz işlər zamanı vətəndaşların mülklərinə dəymiş ziyanla bağlı müvafiq araşdırma aparılması üçün materiallar Baş İdarə tərəfindən hüquq-mühafizə orqanlarına təqdim ediləcək", - məlumatda bildirilib.

Sözügedən ərazidə tikinti işləri aparan "FEBA MTK" şirkətinin nümayəndəsi Ərzuman Murtuzayev Teleqraf-a açıqlamasında bildirib ki, hadisə işçinin səhlənkarlığı ucbatından baş verib.

“Ziyan evə deyil, eyvana dəyib. Onu edən yeni işçi olub, ona göstəriblər amma o səhv yeri dağıdıb. İş qəzasıdır, işçinin səhlənkarlığından baş verib. Ev sahibi ilə görüşüləcək, hansı tədbir lazımdırsa görüləcək”.

Qeyd edək ki, Bakının Yasamal rayonu Alatava ərazisində tikinti şirkəti sakinlərin razılığı olmadan evin bir hissəsini dağıdıb. Nəticədə evin pəncərəsi dağılıb, mənzilə ciddi ziyan deyib.

***

15:01

Bakının Yasamal rayonu Alatava ərazisində sakinlərin narazılığı ilə nəticələnən olayla bağlı araşdırma aparılır.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq “Meliss Park” şirkətindən bildirilib.

“Məsələ ilə bağlı aidiyyəti bölməyə məlumat verilib. Hazırda hadisə ilə bağlı araşdırma aparılır. Bu barədə əlavə məlumat veriləcək”, - açıqlamada qeyd olunub.

Qeyd edək ki, sosial şəbəkələrdə “Meliss Park”ı təmsil edən şəxslərin həmin ərazidə sakinlərin razılığı olmadan bir evi sökdüyü görüntülər yayılıb.

***

14:25

BAKI, 27 mart. TELEQRAF

Bakıda tikinti şirkəti sakinlərin razılığı olmadan evin bir hissəsini dağıdıb.

Teleqraf xəbər verir ki, hadisə Bakının Yasamal rayonu Alatava ərazisində baş verib.

Nəticədə evin pəncərəsi dağılıb, mənzilə ciddi ziyan dəyib.