BAKI, 17 mart. TELEQRAF

“Biz azərbaycanlıyıq, Azərbaycan dilini mükəmməl bilməyik. Azərbaycan dili itməməlidir, hər bir sahədə inkişaf etməlidir”.

Teleqraf xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzi İdarə Heyətinin sədri Məleykə Abbaszadə martın 17-də “Azərbaycan dili üzrə sertifikasiya imtahanı”nın onlayn platformasının təqdimatına həsr olunan tədbirdə deyib.

O bildirib ki, hazırda platformanın ilkin variantı təqdim olunur:

“İstəyirik ki, Yazıçılar Birliyinin üzvləri Azərbaycan dili imtahanından keçib, bizə fikirlərini söyləsinlər”.

Azərbaycan Dillər Universitetinin rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla isə hesab edir ki, bu platformanın fəaliyyətə başlaması elm, mədəniyyət, ictimaiyyət arasında rezanans doğuracaq hadisədir.

"Bunun siyasi əhəmiyyəti də var. Xaricdə yaşayan azərbaycanlılar arasında xüsusən yeni doğulanlar dilimizdən uzaq qalır. Bu platforma ilə həmin insanların Azərbaycan dilini öyrənmə şansı artır. Xarici ölkə vətəndaşları Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında böyük iş görə bilər. Dilimizi qorumaq mümkün deyil. Ancaq nitqimizi qorumalıyıq”,- rektor qeyd edib.