
BAKI, 5 mart. TELEQRAF
Məlum olduğu kimi, Səhiyyə Nazirliyi tərəfindən aparılan yoxlamalar nəticəsində “Laser Beauty Clinic”in filiallarından birində (Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi) nöqsanlar aşkar edilib və klinikanın lisenziyasının dayandırılması və ya ləğvi ilə bağlı Səhiyyə Nazirliyindən İqtisadiyyat Nazirliyinə müraciət daxil olub.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Səhiyyə Nazirliyinin lisenziya şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair göstərişlərini yerinə yetirmədiyi üçün “Laser Beauty Clinic”in həmin filial üzrə lisenziya əlavəsi İqtisadiyyat Nazirliyinin inzibati akti ilə dayandırılıb: “Hazırda fəaliyyəti dayandırılmış filiala 2025-ci ilin 12 mart tarixinədək nöqsanların aradan qaldırılması üçün müddət qoyulub.
“Lisenziyalar və icazələr haqqında” qanuna uyğun olaraq nöqsanlar aradan qaldırıldıqdan sonra lisenziya əlavəsinin bərpası üçün yenidən müracət oluna bilər. Göstərilən müddətdə nöqsanlar aradan qaldırılmadıqda isə lisenziya ləğv edilir.
Qeyd edək ki, hazırda İqtisadiyyat Nazirliyi tərəfindən 23 növ fəaliyyət üzrə lisenziya verilir. Lisenziyalar verilərkən sahibkarlıq fəaliyyəti növünün xüsusiyyətlərindən asılı olaraq, aidiyyəti dövlət qurumlarının rəyi əsas götürülür.
Sahibkarlar lisenziya almaq üçün fəaliyyət göstərəcəkləri ərazi üzrə müvafiq “Asan xidmət” mərkəzi, KOB evi və ya “lisenziya.gov.az” portalı vasitəsilə İqtisadiyyat Nazirliyinə elektron formada müraciət edə bilərlər. Təqdim edilən sənədlər qaydasında olduqda lisenziya 10 iş günündən gec olmayaraq verilir.
Lisenziya verilməsinə görə dövlət rüsumu ödənilir. Regionlarda sahibkarlığın təşviqi məqsədilə dövlət rüsumuna 50 faiz güzəşt edilir", - məlumatda qeyd edilib.
Xatırladaq ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən yanvarın 22-dən 23-dək klinikada yoxlamalar aparılıb, müəssisənin lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyəti göstərilməsi aşkar olunub.
Müəssisədə yoxlama nəticəsində məlum olub ki, tibbi qeydiyyat sənədləri Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilən forma və qaydalar üzrə aparılmır. Stomatoloji otaqda sanitar-epidemioloji tələblərə dair qaydalara riayət etmədən, “cərrahi-stomatoloji”, “rentgenoloji”, “diş texniki” işlərin həyata keçirilməsi üçün şəraitin yaradılması faktı aşkar edilib. Həmçinin, müəssisədə çoxlu sayda (30 nəfərdən çox) sertifikasiyadan keçmədən praktik özəl tibbi fəaliyyəti ilə məşğul olma faktları aşkarlanıb.
Fevralın 14-də Səhiyyə Nazirliyi “Lazer Beauty Klinikası”nın lisenziyasının dayandırılması ilə bağlı İqtisadiyyat Nazirliyinə məktub göndərib. Eyni zamanda Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən “Lazer Beauty Klinikası”nda aparılan yoxlamalar zamanı aşkar edilən nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə əsasən cərimələrin tətbiq edilməsi ilə əlaqədar məhkəməyə müraciət etmişdi. Məhkəmənin qərarına əsasən, estetik klinika 8000 manat cərimələnib.