BAKI, 5 mart. TELEQRAF

Göygöl rayonunun Aşıqlı kəndində bir evdən 4 nəfərin meyitinin tapılmasının bəzi təfərrüatları məlum olub.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, ölənlər Kəlbəcər rayon sakinləridir.

Onlardan 3 bacı-qardaş Kəlbəcərin Qılınclı kəndindən, 1990-cı il təvəllüdlü Səbinə Müseyibova isə rayonun Laçınlı kəndindəndir.

Ölən şəxslərin Gəncə şəhərində məcburi köçkünlərin məskunlaşdığı Gülüstan qəsəbəsində yaşadıqları məlum olub.

Hadisə gecə saatlarında baş verib, lakin ölənlərin yaxınları bundan səhər 07:00 radələrində xəbər tutublar. Məlumata görə, onları tanıyan bir nəfər hadisə baş verən evə getdikdə qapını açan olmayıb və o, ev sahibi ilə əlaqə saxlayıb. Qapını açdıqda həmin 4 nəfərin vəfat etdiyi məlum olub.

Hadisənin hansı səbəbdən baş verməsi ilə bağlı dəqiq məlumat yoxdur. Lakin ev təmirli və kombili olduğu üçün hadisənin dəm qazından olması ehtimalı azdır.

Meyitlər Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göygöl rayon şöbəsinə aparılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hazırda hadisə yerində araşdırma aparır.

Qeyd edək ki, martın 5-də səhər saatlarında Göygöl rayonunun Aşıqlı kəndində evlərdən birində 4 nəfərin meyiti aşkarlanıb. Onlar 1990-cı il təvəllüdlü Səbinə Müseyibova, 1999-cu il təvəllüdlü Seymur Hüseynli və onun bacıları - 2000-ci il təvəllüdlü Münəvvər Hüseynova və 2004-cü il təvəllüdlü Xatirə Hüseynovadır.

İlkin olaraq onların dəm qazından boğularaq öldüyü bildirilsə də, bu ehtimal hələlik təsdiqlənmir. Başqa bir versiyaya görə onlar qidadan zəhərləniblər.