.jpg)
ZƏNGİLAN, 27 fevral. TELEQRAF
Zəngilan rayonunun Ağalı kəndində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclası keçirilib.
Teleqraf-ın Zəngilana ezam olunmuş müxbirinin xəbərinə görə, iclasda İşçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri, Cəbrayıl, Qubadlı, Zəngilan, Ağdərə, Xocalı, Laçın, Kəlbəcər, Şuşa, Ağdam, Füzuli, Xocavənd rayonlarında və Xankəndi şəhərində Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliklərinin, eləcə də Bərpa, Tikinti və İdarəetmə Xidmətlərinin nümayəndələri iştirak ediblər.
İclasda İşçi qrup üzvləri və dəvət olunan digər qurumların nümayəndələri tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında infrastruktur layihələri həyata keçirilərkən və yaşıllıqların götürülməsi zamanı ekoloji tələblərin icra vəziyyəti, xüsusi mühafizə olunan təbiət ərazilırinin fəaliyyətinin bərpası və yeni yaradılan milli parklar haqqında, meşə fondu sahələrinin uzaqdan zondlama üsulu ilə inventarlaşdırılması, yer təkindən istifadə sahəsində görülən işlər, filiz, qeyri-filiz, şirin və termal mineral su yataqlarının, kəhrizlərin mövcud vəziyyəti və onlardan istifadə perspektivləri, Cəbrayıl rayonunda mövcud kəhriz sistemlərinin bərpası istiqamətində, bu ərazilərdə ekoloji pozuntuların qarşısının alınması, təhlükəsiz bərk tullantıların idarə olunması ilə bağlı görülmüş işlər, bu ərazilər üzrə xarici su təchizatı, kanalizasiya və yağış suları sisteminin tikintisi layihəsi çərçivəsində icra olunmuş tikinti-quraşdırma işləri haqqında iclas iştirakçılarına məlumat verilib. İclasda iştirak edən digər qurumların nümayəndələri tərəfindən infrastruktur layihələri həyata keçirilərkən ekoloji icazələrlə bağlı qaldırılan məsələlər və müvafiq qurumlar arasında kommunikasiyanın gücləndirilməsi, fəaliyyətin əlaqələndirilməsi məqsədilə Əlaqələndirmə Qərargahı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı məsələlər müzakirə edilib.
İclasdan sonra iştirakçılar Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında təhlükəsiz bərk tullantıların idarə olunması ilə bağlı yeni alınmış texnikalarla tanış olacaqlar.
***
12:42
Zəngilan şəhərində işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupunun növbəti iclası keçirilir.
Teleqraf-ın Zəngilana ezam olunmuş müxbiri xəbər verir ki, iclasda işçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri iştirak edirlər.