BAKI, 14 fevral. TELEQRAF

Səhiyyə Nazirliyi “Lazer Beauty Klinikası”nın lisenziyasının dayandırılması ilə bağlı bu gün İqtisadiyyat Nazirliyinə məktub göndərib.

Teleqraf xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən “Lazer Beauty Klinikası”nda aparılan yoxlamalar zamanı aşkar edilən nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə əsasən cərimələrin tətbiq edilməsi ilə əlaqədar məhkəməyə müraciət edilib.

Xatırladaq ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən yanvarın 22-dən 23-dək klinikada yoxlamalar aparılıb, müəssisənin lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyəti göstərilməsi aşkar olunub.

Müəssisədə yoxlama nəticəsində məlum olub ki, tibbi qeydiyyat sənədləri Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilən forma və qaydalar üzrə aparılmır. Stomatoloji otaqda sanitar-epidemioloji tələblərə dair qaydalara riayət etmədən, “cərrahi-stomatoloji”, “rentgenoloji”, “diş texniki” işlərinin həyata keçirilməsi üçün şəraitin yaradılması faktı aşkar edilib. Həmçinin, müəssisədə çoxlu sayda (30 nəfərdən çox) sertifikasiyadan keçmədən praktik özəl tibbi fəaliyyəti ilə məşğul olma faktları aşkarlanıb.

Müəssisədə lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi də müəyyən olunub. İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokol tərtib edilərək mövcud qanunvericiliyə əsasən, klinikanın fəaliyyətinin dayandırılması istiqamətində zəruri tədbirlər görüldüyü bildirilib.