BAKI, 14 fevral. TELEQRAF

“Bəzi ixtisaslar öz aktuallığını itirib. Yeni ixtisasların yaradılmasına ehtiyac var”

Teleqraf xəbər verir ki, bunu Bakı Dövlət Universitetin rektoru Elçin Babayev Yüksək Texnologiyalar Parkı və ali təhsil müəssisələri arasında "SABAH.city" layihəsi çərçivəsində əməkdaşlığın qurulmasına dair Anlaşma Sazişinin imzalanma mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, əmək bazarı ilə əlaqələr gücləndirilməlidir.

"İxtisaslar üzrə tələb və təklifləri çevik olaraq həyata keçirmək lazımdır".

Onun sözlərinə görə təhsil sahəsində keçirilən hər bir təşəbbüs ölkənin elm kapitalını gücləndirir.

"Bunun üçün ardıcıl addımlar atmalıyıq. "SABAH.city" layihəsi tələbələrin müasir standartları öyrənməsinə səbəb olacaq. Ali təhsil müəssisələri və biznes əməkdaşlığı bu layihəni reallaşdırmağa kömək edə bilər",- Babayev vurğulayıb.

Tədbirdə çıxış edən Azərbaycan Dövlət Neft Sənayesi Universitetinin rektoru Rüfət Əzizov isə bildirib ki, innovasiyalar üçün yeni ideyalar lazımdır.

“Azərbaycanda neft-qaz sənayesində daha çox innovasiyalar olub. Digər sahələr də bu bacarıqlardan yararlana bilər. Hesab edirəm ki, "SABAH.city" layihəsi tələbələr üçün yeni mühit yaradır”.