Uzun müddətdir əlillik ala bilməyən 31 yaşlı yataq xəstəsi Vladislav Adıgözəlovun şikayətinə baxılıb.
Bu barədə Teleqraf.com-un sorğusuna Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən məlumat verilib.
Agentliyin mətbuat katibi Tural Qurbanov saytımıza açıqlamasında bildirib ki, Bakı şəhər sakini Adıgözəlov Vladislav Eldaroviçin əlilliyinin qiymətləndirilməsi məqsədilə ona 06.03.2024-cü il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiltasiya Agentliyinin həkim-eksperti tərəfindən evdə əyani baxış keçirilib:
“Vətəndaşın təqdim etdiyi tibbi sənədlərə və əyani müayinə nəticələrinə əsasən müəyyən edilib ki, Vladislav Adıgözəlovun hazırki sağlamlıq vəziyyəti əlillik təyinatına əsas verir.
Nəticədə Nazirlər Kabinetinin 187 nömrəli Qərarına uyğun olaraq Vladislav Adıgözəlova orqanizm funksiyalarının 85% pozulmasına görə əlillik təyinatı aparılıb”.
Qeyd edək ki, Vladislav Adıgözəlov ötən il iyulun 9-da idarə etdiyi motosikletlə qəzaya uğrayıb və aylardır yataq xəstəsidir. Dəfələrlə ambulator və stasionar müalicələr aldığına baxmayaraq vəziyyətində irəliləyiş yoxdur. Əlilliyin təyinatı ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sənədlərini təqdim etsə də nazirlik əlillik təyin etməkdən imtina edib.
Məsələ ilə əlaqədar Teleqraf.com-a müraciət edən Vladislav Adıgözəlovun vəziyyəti ilə bağlı saytımızda 05.03.2024-cü il tarixində "Nazirlik ayağa dura bilməyən xəstəyə niyə əlillik vermir? - "Get müalicə al..." adlı yazı dərc edib, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiltasiya Agentliyinə sorğu göndərilib.
.jpg)
.jpg)
.jpg)