“Azəristiliktəchizat” ASC-nin “Azəriqaz” İstehsalat Birliyinə cari il üzrə mövsümü borcu 20 milyon manatdan çoxdur.
Teleqraf.com-un məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bu gün media və QHT nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib.
Baş direktor qeyd edib ki, Birliyin yığımlar üzrə göstəriciləri daha da yüksək ola bilərdi, ancaq “Azəristiliktəchizat”ın quruma borcu artmaqda davam edir:
"Bu rəqəm 20 milyon manatın üzərindədir. Onu görə də yığım səviyyəmiz 105% deyil, 110% ola bilərdi”.
Ruslan Əliyevin sözlərinə görə, “Azəristiliktəchizat”a xüsusi müraciətlər edilib:
“Yay aylarında satışlarımız az olduğu üçün, işçilərin əməkhaqqısı, təmir-tikinti və qazlaşma proqramının həyata keçirilməsi üçün bizə daha çox vəsait lazım olur. Ona görə də biz “Azəristiliktəchizat”a bununla bağlı müraciət etmişik”.
Ruslan Əliyev 300-dən artıq qazpaylayıcı stansiyanın SOCAR-ın Qaz İxrac İdarəsinin tabeçiliyindən “Azəriqaz”ın tabeçiliyinə veriləcəyini də fikirlərinə əlavə edib:
"Bununla bağlı SOCAR rəhbərliyi tərəfindən qərar qəbul edilib və təhvil-təslim, işçilərin yerləşdirilməsi prosesinə artıq start verilib. Beləliklə Birliyin həm əməkhaqqı fondu, həm də gələcəkdə təmir-tikinti işləri artır. Bununla bağlı heç bir tarifə dəyişiklik olmur. Ona görə də maksimum çalışmalıyıq ki, debitor borclarımızın yığılması üzərindən bu xərclərimizi ödəyə bilək”.