Tovuz rayonunun Dondar Quşçu kəndində 2019-cu ilin noyabrında 10 yaşlı Nərmin Quliyevanın oğurlanması və 47 gün sonra kənddə yandırılmış meyitin tapılmasıyla əlaqədar həbs olunmuş İlkin Süleymanovun ailə üzvləri Baş prokuror Kamran Əliyevlə görüşmək istəyir.

Teleqraf.com xəbər verir ki, Baş prokurorun bu günlərdə ölkənin Qərb bölgəsinə səfəri nəzərdə tutulub. Kamran Əliyevin aprelin 28-də Ağstafa rayonunda Qazax, Tovuz və Ağstafa sakinlərilə görüşünün planlaşdırıldığı bildirilir.

İlkin Süleymanovun atası İbrahim Süleymanov Baş prokurorla görüşmək üçün teleqram göndərib: “Nərmin Quliyevanın qətli ilə əlaqədar 3 ildən çoxdur tamamilə günahsız və əsassız həbs edilən oğlum İlkin Süleymanov haqqında cinayət işi üzrə yol verilmiş qanun pozuntularını diqqətinizə çatdırmağım üçün məni qəbul etməyinizi xahiş edirəm”.

O, ümid edir ki, Baş prokuror cinayət işindəki saxtakarlıqlardan, ziddiyyətlərdən xəbər tutsa, oğlunun işində dönüş yaranar.

İbrahim Süleymanov oğlunun dörd gün qanunsuz polis şöbəsində saxlanmasından tutmuş, sənədlərdəki başqa saxtakarlıq hallarına qədər bütün faktları konkret sübutlarla Kamran Əliyevin nəzərinə çatdırmaq niyyətindədir.

İttihama görə, 2019-cu il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti bu il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İstintaq-əməliyyat qrupu tərəfindən İ.Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.

İlkin Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.

İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 144.3 (adam oğurluğu), 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılır.