BAKI, 9 iyul. TELEQRAF

ReAl Partiyasının sədri Natiq Cəfərli Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Natiq bəy, ABŞ Prezidenti Donald Tramp Türkiyədə baş tutan NATO Sammitində İranla danışıqların bitdiyini elan edərək, bu ölkəyə qarşı sərt ittihamlar səsləndirdi. Bu açıqlama o zaman verilirdi ki, Amerika artıq İranda strateji hədəflərə zərbələr endirirdi. İran da öz növbəsində ABŞ-ə bağlı olan hədəfləri raket zərbələri ilə hədəf almışdı. Sözsüz ki, bu baş verənlər ABŞ-İran danışıqlarının növbəti mərhələsinin başa çatması fonunda olub. Bu halda tərəflərin yenidən danışıqlar masasına qayıtması ehtimalı varmı?

- Əslində, bu hadisələrin daxilində nələrin baş verdiyini 15-20 il sonra kiminsə memuarlarından daha dəqiq oxumaq mümkün olacaq. Nə qədər qəribə də olsa, bəzi məsələlərin məntiqi izahı yoxdur. Faktiki olaraq, indiki halda ABŞ ilə İran arasında yenidən hərbi eskalasiyanın başlamasına səbəb rəsmi Tehrandır. İran Hörmuz boğazından keçən gəmilərə hücum edir və avtomatik olaraq ABŞ də buna çox ciddi cavab verir. Görünən isə odur ki, İran Hörmuz məsələsində söz sahibi olmaq istəyini əməllərlə sübut etmək istəyir. Onlar iddia edir ki, Hörmuzdan keçən bütün gəmilər İran tərəfi ilə danışmalıdır və s. Amma hər dəfə də belə bir addım atıldıqda çox ciddi zərbələr alır.

- Sizcə bunun kökündə dayanan əsas amil nədən ibarətdir?

- Bu ondan xəbər verir ki, İran daxilində müharibənin və gərginliyin bitməsini istəməyən kifayət qədər ciddi qüvvələr var. Həmin qüvvələr İranın açılması fonunda ölkəyə 3 yüz milyard dollarlıq investisiya layihələrinin gəlməsindən, enerji məhsullarının xarici bazarlara çıxmasından qorxurlar. Çünki ABŞ də İranın istəyi fonunda bunlara icazə verəcəyini bildirmişdi.

- Bunun ilkin elementləri hansılar idi?

- Faktiki olaraq, İran öz neftini sərbəst şəkildə satmağa başlamışdı ki, hərbi eskalasiya yenidən başladı.

- Eskalasiyada maraqlı qüvvələr kimlərdir?

- Bu eskalasiyanın arxasında İranda hakimiyyəti ələ keçirmiş və onu əlindən vermək istəməyən hansısa ciddi qruplaşmalar var. Bu isə heç də sivil siyasət deyil. Sivil siyasətin sözü olsa da, gücü yoxdur.

- İran daxilində ABŞ ilə aparılan danışıqlarda iştirak edən rəsmi şəxslərə qarşı aparılan kampaniya, hücum nədən xəbər verir?

- Hazırda bu məsələ, yəni, sizin də sadaladığınız kimi danışıqlarda iştirak etmiş İran nümayəndələri ölkə daxilində linç edilir. Təsəvvür edin ki, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf keçən həftə dövlət televiziyasına müsahibə verdiyi zaman ABŞ ilə münasibətlərin normallaşmasının ölkəsi üçün faydalarının, xeyirinin olacağını söyləyən an onu efirdən çıxartdılar. Keçmiş Ali liderin dəfni zamanı da ABŞ ilə danışıqlarda iştirak etmiş İran rəsmilərinə qarşı hücumlar edildi. İran Prezidenti Məsud Pezeşkian, xarici işlər naziri Abbas Əraqçi belə insanların qəzəbinə tuş gəldi.

Bütün bunlar onu deməyə əsas verir ki, hərbi eskalasiyanı öz hakimiyyətlərini möhkəmləndirməyə xidmət edəcəyini düşünən qüvvələr geri çəkilmək istəmirlər. Faktiki olaraq, onların əlində silah və güc var.

- Bu qüvvələri narazı salan nədir?

- Çünki ABŞ ilə İran arasında ciddi anlaşma əldə edilsə, bütün diqqət ölkə daxilindəki problemlərə yönələcək. Burada da iqtisadi, sosial problemlər daha çox önə çıxacaq. Faktiki olaraq, bu gün İranın çox ciddi iqtisadi problemləri var, infilyasiya yüksəkdir, qiymətlər artıb, gəlirlər azalıb, zavodların fəaliyyəti dayanıb, xarici ticarətdə problemlər mövcuddur. Bütün bunlar isə nəticədə daxildə yenidən etiraz dalğasının artmasına səbəb olacaq. Bunu isə həmin qüvvələr dəqiq bilir.

- Bu halda gərginliyi uzun müddət saxlamaq nə dərəcədə mümkün olacaq?

- Əslində onların da məqsədləri budur. İran daxilində gərginliyi saxlamaqla xarici düşmənə qarşı xalqı birləşdirmək, bütün fikri ora yönəltmək mümkün olur. Amma daxili problemləri xarici düşmənlə izah etmək o qədər də asan deyil. Bir müddətdən sonra daxili problemlər önə çıxdıqca insanlar hesab tələb etməyə başlayacaq. Ona görə də İranda hakimiyyəti ələ keçirmiş qüvvələr mövcud gərginliyin qalmasında maraqlıdır.