BAKI, 4 fevral. TELEQRAF

“Azərbaycan Ermənistan vətəndaşlarının məhkəməsini keçirməklə, xalqımıza qarşı insanlıq əleyhinə və müharibə cinayətləri törətməkdə ittiham olunan şəxsləri ədalət mühakiməsi qarşısına çıxarmaqla ədalətin bərpasına nail oldu. Azərbaycan Prezidenti cənab İlham Əliyev qəti iradə, prinsipiallıq nümayiş etdirdi, xalqımız qarşısında verdiyi sözə həmişə əməl etdiyi kimi, bu dəfə də vədinə sadiq qaldı. İnsanlıq əleyhinə və müharibə cinayətləri törətmiş şəxsləri ədalət mühakiməsinə cəlb etmək və buna nail olmağın özü ədalətin təntənəsidir, münaqişələrin və müharibələrin ədalətli həlli üçün ən məqbul modeldir”.

Bunu Teleqraf-a açıqlamasında vəkil Aqşin Məmmədov deyib.

Onun sözlərinə görə, insanlıq əleyhinə və müharibə cinayətləri törətmiş şəxsləri ədalət mühakiməsinə cəlb etmək və buna nail olmağın özü ədalətin təntənəsi, münaqişələrin və müharibələrin ədalətli həlli üçün ən məqbul modeldir.

A.Məmmədov bildirib ki, bu, gələcək nəsillərə, həmçinin Azərbaycanın müstəqilliyinə, onun xalqına, rifahına, azadlığına göz dikən digər şəxslərə qarşı güclü bir mesajdır.

“İlham Əliyev hələ müharibədən öncə Xocalı soyqırımını, digər cinayətləri törədən şəxslərin mütləq ədalət mühakiməsinə cəlb olunacaqlarını demişdi. Onların layiqli cəzalarını alacaqlarını və günahsız qurbanların qanının yerdə qalmayacağını açıq-aydın bildirmişdi.

Bu məhkəmənin keçirilməsi buna bir sübutdur. Gec ya da tez dövlətimiz həmin şəxslərin cəzalandırılmasına, onların qanun qarşısında cavab verməsinə nail oldu”.

Onun sözlərinə görə, Azərbaycan xalqının 30 illik qanayan yarası hüquq yolu ilə bağlanır:

“Azərbaycana məhkəmə ilə əlaqədar xaricdə güclü, əsassız siyasi təzyiqlər var idi. Lakin bu, cənab Prezidentin qəti mövqeyinə heç bir təsir göstərmədi. Bir çox münaqişə və müharibələr bitir, lakin çoxsaylı mülki insanların qətlində əli olan cinayətkarlar məsuliyyətdən kənarda qalırlar. Bu, müharibə və münaqişələrin natamam həllidir. İndiyə kimi bir çox nümunə var ki, müharibə cinayətkarları ədalət mühakiməsinə cəlb olunmamış qalıblar.

Biz isə indi intiqamımızı hüquq vasitəsi ilə alırıq. İstintaq zamanı aşkar olunanlar məhkəmədə şəxslərin etirafı ilə mətbuatda da işıqlandırılıb. Həmin şəxslər bir daha təsdiq edirlər ki, ümumiyyətlə, müharibənin təşkili, planlaması, logistik və hərbi dəstəklər hamısı Ermənistan dövləti tərəfindən həyata keçirilib. Məhkəmə prosesində verilən ifadələrlə, faktlarla Ermənistan hakimiyyətinin Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərdə rol oynadığı və buna görə Ermənistan dövlətinin məsuliyyət daşıdığı da öz təsdiqini tapdı.

Ermənistan dövləti burada həmin şəxslərin həm stimullaşdırılmasında, həmçinin də maddi dəstək göstərilməsində birbaşa rol oynayıb. Direktivlərin gəlməsi onu da sübuta yetirir ki, o şəxslər Ermənistandan verilən əmrlər əsasında bu işləri həyata keçiriblər”.

Aqşin Məmmədov qeyd edib ki, təqsirləndirilən şəxslərin bəziləri hesab edirlər ki, onlar özləri üçün qondarma dövlət qurublar və oradakı dövlətin onlara verdiyi səlahiyyətlərdən istifadə ediblər:

"Elə bir dövlət mövcud deyil, bu sadəcə heç kim tərəfindən tanınmayan qondarma rejimdir.

Məhkəmə prosesindən faktiki aydın oldu ki, Ermənistan işğalçılıq siyasətini ört- basdır etmək üçün qondarma rejim yaradıb. Qondarma rejimin rəhbər şəxsləri Ermənistan işğal siyasətinin Qarabağda əsas icraçılardan idilər.

Onların bu əməlinə cinayətkar birlik kimi qiymət verilib.

Amma təəssüflər olsun ki, bu məqamda özünü demokratik dünyanın qoruyucuları və yaxud da cəngavərləri hesab edən dövlətlər Azərbaycana təzyiq göstərməyə çalışdılar. Dövlətimizin qətiyyətli mövqeyi nəticəsində bütün bu cəhdlər boşa çıxarıldı. Həmin şəxslərin mühakimə olunması baş tutdu. Təqsirləndirilən şəxslərin bütün cinayətkar əməlləri məhkəmə istintaqında, şahid və zərərçəkmişlərin ifadələri əsasında tam sübuta yetirildi".

Vəkil vurğulayıb ki, İlham Əliyevin “Mən nəyi, nə vaxt edəcəyimi bilirəm” sözü boşuna deyilməmişdi.

“Bu, ilmə-ilmə toxunan, günü, tarixi, saatı dövlət tərəfindən bəlli olan bir məsələ idi. Sadəcə olaraq dövlət dəfələrlə onlara şans verdi ki, bəlkə səhvlərini başa düşərlər.

Amma Azərbaycan dövlətinə qarşı son hərəkətləri, müharibə çağırışları artıq dövlətimizin səbir kasasını daşırdı. Ölkəmiz lazım bildiyi anda düyməyə basdı. Əsgərlərimiz həm Xocalı soyqırımının, həmçinin digər qətliamların cavabını ən layiqli şəkildə ər meydanında verdi”.

O, Azərbaycanın Türkiyə və Pakistanla həmrəyliyinə də diqqət çəkib.

“Həm bu həmrəylik, həm də dövlətimizin düzgün siyasətinin nəticəsində Azərbaycan lazımı anda istədiyi kimi hərəkət edə biləcəyini bütün dünyaya göstərdi. Bu, daxili və xarici çaxnaşma yaratmaq istəyənlərə qarşı bir açıq mesaj idi ki, dövlət yerindədir və lazım bildiyi anda istənilən düşmənin başına əzməyə hazırdır.

Azərbaycan müasir tariximizdə nadir ölkələrdəndir ki, həm öz ərazi bütövlüyünü və tam suverenliyini öz gücüylə, heç bir yerdən yardım almadan, bütün təzyiqləri dəf edərək bərpa etdi. Eyni zamanda da müharibə cinayətlərini törətməkdə ittiham olunan şəxslərin mühakiməsinə nail oldu. Azərbaycan öz gücü və qətiyyəti hesabına vətəndaşlarına münasibətdə ədaləti təmin etdi”.