BAKI, 13 iyun. TELEQRAF
“İsraillə İran arasında müharibə çoxdan başlayıb. İyunun 13-də səhər saatlarında baş verənlər bunun yeni mərhələsi, qarşıdurmanın yeni səhifəsidir”.
Bunu Teleqraf-a açıqlamasında Azərbaycanın keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.
O qeyd edib ki, Təl-Əvivlə Tehran arasında belə bir qarşıdurma gözlənilən olsa da, son hadisələrlə bağlı kifayət qədər informasiya yoxdur:
“Hadisələrin miqyası tam bəlli deyil. Tərəflər müharibə qanunlarına uyğun olaraq, bəyanatlar verirlər, özlərinin itkilərini azaldır, qarşı tərəfi hədələyir və s. Vəziyyətin aydınlaşması üçün zamana ehtiyac var”.
İranla İsrail arasında genişmiqyaslı müharibənin olması, Tehrana qarşı bir neçə ölkənin iştirakı ilə koalisiyanın formalaşdırılması ehtimalına gəlincə, sabiq nazir vurğulayıb ki, artıq belə bir koalisiya var: “Müharibə gedir, İrana hava zərbələri endirilib. Bir neçə ölkə bu prosesdə iştirak edir. İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Tehrana qədər gəlib çıxıb. İran da İsrailə cavab verməyə cəhd göstərir. Amma Tehranın pilotsuz uçuş aparatları vurulur. Bunu müxtəlif dövlətlər öz hava məkanlarında edirlər. Səudiyyə Ərəbistanı Yəmənlə sərhəddə İrana bağlı qüvvələrə qarşı hansısa əməliyyat keçirir, başqa addımlar atır. Bütövlükdə İrana qarşı zərbələrdə bir neçə ölkə iştirak edib”.
T.Zülfüqarovun fikrincə, İran rəhbərliyindəki bəzi qüvvələr ölkələrinin üzləşdiyi təhlükələrin istiqamətini və zamanını vaxtında düzgün qiymətləndirə bilmirlər: “Onların bəzi təhlükəsizlik ekspertləri bir neçə gün əvvəl Zəngəzur dəhlizi ilə bağlı danışırdılar, bunu təhlükə kimi qiymətləndirib qarşısını almaqdan dəm vururdular. İndi məlum oldu ki, təhlükə haradandır. Bu adamlardan soruşmaq lazımdır ki, real təhlükənin istiqamətini və zamanını niyə müəyyən edə bilməmisiniz?”
Keçmiş XİN başçısı söyləyib ki, Azərbaycan qonşu ölkədə müharibənin olmasını istəmir: “İstənilən halda müharibə yaxşı hal deyil, ölüm, itim, dağıntı olacaq. İranda yaşayan insanlarla etnik, dini, tarixi bağlılığımız var. Ona görə də müharibə olmasa yaxşıdır”.
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarında İrana zərbələr endirib. Hücum zamanı ölkənin Fordo və Natantz nüvə obyektləri, eləcə də hərbi bazaları hədəfə alınıb. İranın Atom Enerjisi Təşkilatı Natanz nüvə obyektinin məhv edildiyini təsdiqləyib.
Hava əməliyyatları nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general-mayor Hüseyn Salami, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqiri, ali dini rəhbərin müşaviri Əli Şamxani, “Hatəm-əl-Ənbiya” Qərargahının rəisi Qulam Əli Rəşid və digər yüksək rütbəli şəxslər, o cümlədən üç nüvə alimi həlak olub.
İran isə bir neçə saat sonra cavab zərbələrinə başlayıb. Tehran İsrail istiqamətində 100-dən çox pilotsuz təyyarə göndərib.