BAKI, 20 may. TELEQRAF

Azərbaycan Ordusunun parlaq qələbəsi ilə bitən Günnüt əməliyyatından 7 il ötür.

Teleqraf xəbər verir ki, əməliyyat 2018-ci il mayın 20-dən 27-dək davam edib.

Azərbaycan Ordusunun Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun keçirdiyi əks-həmlə nəticəsində Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun mühüm strateji əhəmiyyətə malik olan Günnüt kəndi və onunla birlikdə 11 min hektar ərazi Azərbaycanın nəzarətinə keçib. Ərazidə yerləşən 2065 metr hündürlüyü olan Xunut, 1869 metr hündürlüyündəki Mehridağ və 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəklikləri də Azərbaycan Ordusunun nəzarəti altına alınıb.

Azad olunan ərazilərin 8 min hektarı kənd təsərrüfatına yararlı torpaqlar idi. Xüsusilə Qızılqaya yüksəkliyinin ələ keçirilməsi, Ermənistan ərazisindən keçən strateji əhəmiyyətli Yexeqnadzor-Gorus-Laçın-Xankəndi yoluna nəzarət imkanlarını genişləndirdi.

Bu əməliyyat, Azərbaycan Ordusunun peşəkarlığını və döyüş qabiliyyətini bir daha nümayiş etdirməklə yanaşı, ölkəmizin təhlükəsizliyinin və ərazi bütövlüyünün qorunması istiqamətində əhəmiyyətli addım idi.

Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 1 əsgəri şəhid olub.

Azərbaycan əsgərində Zəfər əhval-ruhiyyəsi yaradan bu tarixi Qələbə Aprel döyüşlərindən 2 il sonra, Vətən müharibəsindən isə 2 il əvvəl baş vermişdi.

Strateji əhəmiyyətə malik olan Günnüt kəndi 1992-ci ildə Ermənistan tərə­findən işğal olunmuşdu. İşğaldan sonra həmin ərazilər erməni vandallarına olmuş, xeyli sayda ev dağıdılmış, ictimai obyektlər, xəstəxanalar yararsız hala salınmışdı.

Sözügedən ərazilərin işğaldan azad olunması Naxçıvanın təhlükəsizliyi üçün əhəmiyyət kəsb edirdi. Şərur və Sədərək rayonlarını bütünlüklə, Kəngərli rayonunu isə qismən su ilə təmin edən Arpaçay su dəryaçasının da təhlükəsizliyi təmin edildi.

Ermənistan tərəfi də sonradan Günnüt əməliyyatındakı məğlubiyyəti etiraf etməli oldu. Belə ki, Ordunun Baş Qərar­gahının rəisi olmuş M.Akopyan açıqlamışdı ki, erməni ordusu bir neçə gün içində ciddi sarsılaraq məğlub oldu.

Azərbaycanın ərazi bütövlüyünün tam bərpası üçün Ordumuz 2020-ci ildə Tarixi Zəfər əldə etdi. Bu gün işğaldan azad edilmiş ərazilərdə üç rəngli bayrağımızın dalğalanması həmin rəşadət və əzmkarlığın nəticəsidir.