BAKI, 9 aprel. TELEQRAF
"Ulu Öndər Heydər Əliyev bütün fəaliyyəti dövründə Azərbaycanın ümumi inkişafı naminə böyük işlər görüb. Bu xüsusda bütün bölgələrimizlə yanaşı, Qarabağ və Şərqi Zəngəzurun da inkişafı hər zaman xüsusi ilə diqqət çəkib. Keçmiş sovet dövründə Qarabağ SSRİ miqyasında ən inkişaf etmiş regionlardan biri hesab edilirdi. Mixail Qorbaçov dövründə (1990-1991-ci illərdə SSRİ prezidenti olub) Qarabağın inkişafdan qalması ilə bağlı iddialar səslənirdi. Sonrakı dövrdə isə bunun nə məqsədlə edildiyi aydın oldu".
Bu sözləri Teleqraf-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Ziyad Səmədzadə deyib.
O bildirib ki, bu gün Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət Azərbaycanın milli maraqlarına cavab verir: “Azərbaycan özünün ən güclü dövrünü yaşayır. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin edilib. 2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində tarixi ədalət bərpa olunub. Hazırda Azərbaycanla Ermənistan arasında sülh müstəvisində müəyyən irəliləyişlər var. Dövlətimizin başçısı birmənalı şəkildə bəyan edib ki, yekun sülhün əldə edilməsi üçün Ermənistan konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarını ehtiva edən müddəalar aradan qaldırılmalıdır, eyni zamanda ATƏT-in Minsk Qrupundan imtina olunmalıdır. Azərbaycanın bu məsələdəki haqlı mövqeyi beynəlxalq hüquqa əsaslanır”.

Z.Səmədzadə sülhün əldə edilməsi, regional kommunikasiya xətlərinin açılması fonunda Cənubi Qafqazda formalaşacaq yeni canlanmaya diqqət çəkib: “Azərbaycanın yerləşdiyi əlverişli coğrafi mövqeyi onun üçün əlavə üstünlüklər qazandırır. Bu xüsusda ölkəmiz mühüm əlverişli yolların kəsişmə nöqtəsində yerləşir. Ona görə də dövlətimiz üçün nəqliyyat-logistika imkanları olduqca böyükdür. Sözsüz ki, Zəngəzur dəhlizinin açılması ilə Azərbaycan qlobal logistika mərkəzlərindən birinə çevriləcək. Eyni zamanda qədim İpək Yolunun bərpası ilə bağlı böyük işlər görülür. Bunun üçün Bakıda böyük liman açıldı, Ələt Azad İqtisadi Zonası yaradıldı. Məhz bu xəttlə daşınan yüklərin də həcmi ildən-ilə artır. Əlavə olaraq Zəngəzur dəhlizinin işə düşməsi isə Qarabağ və Şərqi Zəngəzur üçün yeni imkanlar açmaqla yanaşı, region ölkələrinin də maraqlarına xidmət edəcək”.

Deputat bu gün Azərbaycanın Orta Dəhliz kimi qlobal bir layihəni təşviq etdiyini bildirib: “Ölkəmiz bu qlobal layihədə mühüm rola malikdir. Sözsüz ki, bu istiqamətdə olan gözləntilər çox böyükdür. Azərbaycan-Çin əlaqələrinin inkişafı da məhz qarşıya qoyulan hədəflərə çatmağa imkan yaradacaq. Bu məsələdə ölkəmizin üstünlüyü geniş imkanlar yaradır. Nəqliyat-logistika mərkəzi kimi Azərbaycan Orta Dəhliz konsepsiyasında aparıcı mövqeyə malikdir”.