
BAKI, 17 mart. TELEQRAF
Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda keçirilən XII Qlobal Bakı Forumu növbəti tarixi uğura imza atıb. Dövlət başçısının mesajlarının XII Qlobal Bakı Forumu çərçivəsində elan olunması tarixi xarakter daşıyır. Bu baxımdan Forum siyasətçilər, beynəlxalq ekspertlər tərəfindən planetar səviyyədə ən mühüm tendensiyaların müəyyənləşdirilməsində vacib həlqə kimi qəbul olunmağa başlayıb. Dünyanın müxtəlif ölkələrindən 400-ə yaxın nüfuzlu siyasətçinin, o cümlədən 50-si hazırkı və keçmiş prezident, hökumət başçılarının, BMT agentliklərinin rəhbərlərinin, elmi dairələrin nümayəndələrinin, iştirak etdiyi XII Forum xüsusi rakursdan görünür.
Bu sözləri Teleqraf-a açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.
O bildirib ki, “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda keçirlən builki Forum çərçivəsində “Geosiyasi dəyişikliklər: rəqabətə qarşı məsuliyyətli tərəfdaşlıq”, “Çoxqütblü dünya üçün çoxtərəfliliyə yenidən baxılması”, “Yeni dünya nizamında orta güclər” və bu kimi panellərin diqqət mərkəzində olması da bunu sübut edir. Forumunun açılış mərasimində çıxış edən Azərbaycan Prezidentinin vermiş olduğu mesajlar beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb: "Ölkəmiz sübut etdi ki, regionun təkcə iqtisadi, maddi-texniki və siyasi mərkəzi deyil, həm də sivilizasiya siyasətinin formalaşdığı məkandır. Prezident İlham Əliyev hazırda regional və qlobal miqyasda baş verən proseslərə toxunaraq, Azərbaycana qarşı bir çox ölkələrin qərəzli yanaşma sərgilədiyini bildirib. Fransa başda olmaqla bir çox dövlətlərin ölkələrin daxili işlərinə müdaxilə cəhdlərinin olduğu vurğulanıb. Bu xüsusda Fransada Ermənistanın törətdiyi hər hansı cinayətə haqq qazandırmaq baxımından praktiki olaraq tam siyasi konsensusun mövcudluğu qeyd edilib. Prezident İlham Əliyev uzun müddətdir dünya ermənilərinin ruporuna çevrilmiş açıq korrupsioner amerikalı siyasətçilərə də işarə edib. O, ABŞ-da erməni diasporunun sözçüsü olmuş, korrupsiyada və xarici agent kimi işləməkdə təqsirli bilinən Nyu-Cersi ştatından demokrat senator Robert Menendesi xatırladıb”.
Komitə sədri vurğulayıb ki, Azərbaycan Prezidenti ölkəmizin “Qlobal Cənub və Qlobal Şimal arasında körpülərin qurulmasında mühüm rol oyandığı bildirdi: “Bu kontekstdə dövlətimizin başçısı ölkəmizin Qoşulmama Hərəkatına sədrliyinə qısa ekskursiya etdi və onun vasitəsilə Bakı, o cümlədən COVID-19 dövründə 80-dən çox ölkəyə humanitar və maliyyə yardımı göstərdiyi qeyd edildi. Eyni mənada İlham Əliyevin “dönüş nöqtələrindən biri” kimi müəyyən etdiyi maddə üzrə konsensus Bakıda keçirilən COP29 çərçivəsində əldə olunan Paris Sazişinin 6-cı bəndi karbon bazarını işlək hala gətirdi. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə aid olan unikal quruculuq işləri də Forum iştirakçılarının diqqətinə çatdırıldı. Ölkə başçısı bildirdi ki, “biz işğal illərini, Ermənistanın işğalı və təcavüzü nəticəsində Azərbaycan xalqının çəkdiyi iztirabları, Xocalı soyqırımını unutmayacağıq. Azad edilmiş ərazilərə səfər edənlər işğalçıların törətdiyi terror səviyyəsini, həm də quruculuq işlərini görə bilirlər. Amma biz qurucu xalqıq, öz tariximizə, kökümüzə bağlıyıq. Azərbaycan xalqı öz tarixi ərazilərini bərpa edir, görülən işlərin tempi, zövqü, dünyaya nümunə kimi təqim olunur”.
Hicran Hüseynova XII Qlobal Bakı Forumunda Prezident İlham Əliyevin “Bizə Cənubi Qafqazda sülh lazımdır və buna görə də Azərbaycan sülh prosesinin təşəbbüskarı oldu” fikrini önə çəkib: “Ölkə rəhbərinin dedikləri kontekstdə anlayırıq ki, İkinci Qarabağ müharibəsinin qalib ölkəsi bu günə kimi döyüş meydanında məğlubiyyətə uğramış ölkəyə əlini uzadır (dünya tarixində bu nadir hadisədir). Ona görə ki, Azərbaycan sülh müqaviləsi layihəsinin müəllifidir. Şübhəsiz ki, ölkə Prezidentinin səsləndirdiyi bu fikirlər sülhün, sabitliyin və təhlükəsizliyin qorunmasına yönəlib. Dövlət başçısı həmçinin Bakı Forumundakı proqram xarakterli çıxışında Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam təmin edildiyini vurğulayıb”.
Deputat Qlobal Bakı Forumunda dünyada baş verən münaqişələr kontekstində müxtəlif təkliflər, nəzəriyyələrin müzakirəyə çıxarıldığını söyləyib: “Bu, Azərbaycanın təkcə regional deyil, həm də qlobal miqyasda siyasətdə mühüm oyunçuya çevrildiyini göstərir. Dəyişikliklərin sürəti institutların və ideyaların uyğunlaşma qabiliyyətini üstələyir. Bu, hər şeyə - xarici siyasətə, beynəlxalq təşkilatlara, iqtisadi, siyasi və ekoloji münasibətlərdə yeni yanaşma tələb edir. Qlobal Bakı Forumunda bu baxımdan ən mühüm regional və qlobal problemlər müzakirə olundu və yeni çağırışların fürsətə çevrilməsi üçün vacib təkliflər, ideyalar səsləndirildi”.