Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə Prezident İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasındakı görüş mühüm siyasi, diplomatik uğurlarla yadda qaldı. Bu uğurlar eyni zamanda Prezident İlham Əliyevin dünyada böyük nüfuzunun göstəricisi hesab edilir. Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət növbəti dəfə öz hədəflərinə çatıb.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.
O qeyd edib ki, həyata keçirilən düzgün siyasi strategiya nəticəsində post-müharibə dövründə yeni format yaranıb:
“Brüssel sülh gündəliyi artıq formalaşıb. İlk üçtərəfli görüşün keçirildiyi 2021-ci il 14 dekabr tarixindən Prezident İlham Əliyev və Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyinin əsası qoyulub. Bunun davamı olaraq tərəflər arasında intensiv təmaslar aparılıb, telefon danışıqları həyata keçirilib”.
Millət vəkili vurğulayıb ki, aprelin 6-da 4 saat yarımdan artıq davam edən Brüssel görüşünün artıq müsbət nəticələri var:
“Danışıqların yekunu olaraq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə müzakirələrin başlanmasına start verilib. Eyni zamanda bununla bağlı işçi qrupun yaradılması qərara alınıb. Prosesin başlanması ilə bağlı Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə artıq müvafiq təlimatlar verilib. Sözsüz ki, vacib məqam sülh razılaşmasının komponentinin Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təkliflər əsasında aparılmasıdır. Bu sənəddə də əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür. Tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaratması, birinci növbədə sərhədlərin delimitasiya prosesinə başlaması barədə razılığı da mühüm amildir. Bunun nəticəsi olaraq sərhəddə gərginlik aradan qaldırılacaq. Minatəmizləmə, itkin düşmüş şəxslərin tapılması, eləcədə quruculuq işlərində də Azərbaycana dəstək ifadə edilib”.
Cavid Osmanov bildirib ki, sənəddə “Dağlıq Qarabağ” ifadəsinə ATƏT-in Minsk qrupuna istinad yoxdur:
“Bu, göstərir ki, Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir, Həmçinin, münaqişə həll olunduğuna görə ATƏT MQ lazımsız təsisata çevrilib. Artıq Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranıb”.