“Azərbaycan və Ermənistan liderlərinin – İlham Əliyev və Nikol Paşinyanın bu gün Brüsseldə keçiriləcək görüşündə siyasi, iqtisadi və humanitar məsələlərin müzakirə olunacağını düşünürəm”.

Bunu liderlərin görüşünü Teleqraf.com-a şərh edən politoloq İlqar Vəlizadə deyib.

Ekspert bölgədəki kommunikasiyaların blokadadan çıxarılmasının da görüş masasında olacağını söyləyib:

“Artıq bunu görmək lazımdır ki, Brüssel Azərbaycan və Ermənistan arasındakı danışıqlarda təşəbbüsü ələ alır. Gündəliyi hər iki tərəflə razılaşdıraraq, çalışır ki, bu gündəlik qəbul olunmuş beynəlxalq normal və prinsiplər üzərində qurulsun.

Bugünkü görüşə gəldikdə, masada siyasi, iqtisadi və humanitar məsələlərin müzakirə olunacağını düşünürəm. Siyasi məsələlər sülh sazişinin imzalanmasına həsr olunur. Çalışırlar ki, bu sülh sazişində hər iki tərəfin prinsipləri nəzərə alınsın. Münaqişə dövründə də, “Madrid prinsipləri” kimi təkliflər ortaya atılmışdı. Uzun müddət bu kimi prinsiplər üzərində danışıqlar getmişdi. İndi bu kimi prinsipləri sülh müqaviləsinin imzalanması üçün də müəyyən etməyə çalışırlar.

Başqa bir məsələ Azərbaycan və Ermənistan arasında kommunikasiyaların açılması və bu fonda regionun iqtisadi mənzərəsinin dəyişməsi ilə bağlıdır. Mümkündür ki, bu məsələlər ətrafında şərti qərarlar qəbul olunsun. “Şərti” ona görə deyirəm ki, bu görüşdə hansısa əsaslı qərarın qəbul olunacağını və ya çərçivə sazişinin imzalanacağını düşünmürəm. Amma görüşlə bağlı ümumi, yaxud Avropa Birliyi sədrinin bəyanatının olması mümkündür. Dediyim kimi, əsaslı sazişin imzalanacağını gözləmək olmaz.

Humanitar məsələlərin də masada olacağını düşünürəm. Bununla bağlı da müəyyən məsələlər var ki, bizim istədiyimiz başqa şeydir, Ermənistan başqa söz deyir və ya iddia edir. Məsələn, biz bu haqda danışarkən, ərazilərin minalardan təmizlənməsi məsələsini gündəmə gətiririk. Digər yandan Birinci Qarabağ Müharibəsində itkin düşmüş və ya həlak olmuş insanlar var ki, onlardan xəbər yoxdur. Ermənistan bu məsələyə aydınlıq gətirməlidir. Ermənistan isə humanitar məsələlərlə bağlı tamam ayrı iddialarını gündəmə gətirir. Bu çərçivədə “Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyi” və s. kimi məsələlərdən danışırlar.

Qeyd olunan bu məsələlərlə bağlı fikir ayrılıqları var. Məsələn, Ermənistan tərəfi siyasi məsələlərlə bağlı deyir ki, “Dağlıq Qarabağın statusu” müzakirə olunmalıdır. Burda da fikir ayrılığı var. Ona görə də, bəri başdan demək olar ki, bu danışıqlar çətin olacaq”.

İlqar Vəlizadə ABŞ Dövlət katibi Entoni Blinkenin Azərbaycan və Ermənistan liderlərinə telefon zənginə də diqqət çəkib.

O, bu zəngin liderlərin bu gün Brüsseldə keçiriləcək görüşlə əlaqəli olduğunu istisna etməyib:

“Çox güman ki, bu zəngin Brüssel görüşü ilə əlaqəsi var. Burada ABŞ-ın da, Rusiyanın da istəyi var. Amerikanın istəyi ondan ibarətdir ki, danışıqlar prosesi sürətlənsin. Düşünürəm ki, ABŞ-ın da öz prinsipləri var və istəyi də bu ola bilər ki, yekun sənəd bu prinsiplər üzərində imzalansın. ABŞ-ın əsas məqsədi isə Rusiyanın bu proses və ya bölgədəki rolunu bir qədər azaltmaqdan ibarətdir. İndiki şərait buna imkan verə bilər, ya yox – bunu demək çətindir. Tərəflər nə qədər müstəqil addım atsalar bir o qədər də Rusiyanın rolu azalmış olur. Azərbaycan müstəqil addımlar atmağa hazırdır. Bəs Ermənistan buna hazırdırmı? Hesab edirəm ki, bu suallara qismən də olsa, cavab tapılacaq”.