Dekabrın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüşü olub. Daha sonra isə Azərbaycan və Ermənistan liderləri təkbətək görüşüblər. Ermənistan bu görüşə “ciddi hazırlıqla” getmişdi. Görüşdən əvvəl cəbhə xəttində davamlı təxribat törədərək Azərbaycana qarşı ittihamlar səsləndirməyi, davamlı atəşkəsi pozmaqda ittiham etməyi planlaşdırırdı. Ancaq Paşinyanın arzusu bu dəfə də ürəyində qaldı. Brüssel görüşünə böyük ümidlərlə gedən erməni baş nazir növbəti dəfə pərt oldu. Onun görüşdəki üz cizgilərindən də bu açıq müşahidə olunurdu.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O qeyd edib ki, görüş konstruktiv mühitdə keçdi, bir sıra mühüm məsələlər müzakirə olundu:

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsi gündəliyə gətirildi. Avropa İttifaqı bu istiqamətdə Azərbaycana texniki yardım göstərməyə hazır olduğu bildirdi. Azərbaycan uzun müddətdir mina məsələsini gündəlikdə saxlamağa çalışırdı və bu görüşdə həmin məqsədinə nail oldu. Görüşdə Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası ilə bağlı hər iki tərəf müvəqqəti işçi qrupun yaradılması ilə bağlı razılığa gəlib. Həmçinin kommunikasiya və nəqliyyat xətlərinin açılması məsələsi geniş müzakirə olunub. Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq etdi. Beləliklə Ermənistan tezliklə dəmir yolunun çəkilişinə start verəcək. Eyni zamanda gömrük və sərhəd nəzarət məsələlərinin qarşılıqlı prinsip əsasında təmin olunması, avtomobil yolunun marşrutunun müəyyən edilməsi ilə bağlı müzakirələrin davam etdirilməsi barədə də razılıq əldə edilib”.

Millət vəkili hesab edir ki, ikitərəfli görüşdən əvvəl Prezident İlham Əliyevin növbəti diplomatik gediş edərək “Zəngəzur dəhlizində də heç bir gömrük postu olmamalıdır" tezisini irəli sürdü:

“Vurğulandı ki, əgər Ermənistan karqolara, insanlara nəzarət etmək istəsə, eynilə biz də Laçın dəhlizində gömrük postunun açılmasını təmin edəcəyik. Qərar Ermənistan tərəfindən verilməlidir. Hər iki varianta açığıq, ya hər iki tərəfdə gömrük post olmalıdır, ya da heç olmamalıdır. Əslində bu bəyanatın verilməsi Ermənistan tərəfində soyuq duş effekti yaratdı. Dünəndən etibarən Ermənistanın bütün saytlarında, sosial şəbəkələrdə bu məsələ ətrafında geniş müzakirələr aparılır, ciddi narahatlıqlar ifadə olunur”.

Ceyhun Məmmədova görə, Azərbaycan növbəti dəfə Prezident İlham Əliyevin qətiyyətli və prinsipal mövqeyi nəticəsində beynəlxalq müstəvidə Ermənistan üzərində diplomatik qələbəsini təmin etdi: “Ermənistan anlamalıdır ki, onun Azərbaycanla əməkdaşlıqdan və yekun sülh müqaviləsini imzalamaqdan başqa yolu yoxdur. Artıq bütün dünya Ermənistandan üz çevirib. Əgər Ermənistan Azərbaycanın şərtləri ilə razılaşmasa, ölkə daha ağır duruma düşəcək”.