Ötən ilin oktyabr ayında Azərbaycanın erməni tapdağı altında olan torpaqları işğaldan azad edilirdi. Eyni zamanda bu ayın müasir Azərbaycan tarixində xüsusi bir önəmi var. 1993-cü il oktyabr tarixində keçirilmiş prezident seçkiləri ölkənin yeni inkişaf mərhələsinin təməlini qoyub. Müstəqil Azərbaycan dövləti üçün qurtuluşa gedən yolun ilk pilləsi idi.

Bunu Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

Professor bildirib ki, 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır:

“Hadisələri düzgün qiymətləndirə bilməyən həmin dövrün iqtidarı xalq qarşısında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü. Xalqın tələbi və təkidi ilə yenidən hakimiyyətə qayıtdı. Xalqın böyük dəstəyi ilə Prezident seçilən Ulu öndər Heydər Əliyev 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxardı. Ulu öndər Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı. Bu həm də xilaskarlıq missiyası idi”.

Komitə sədri hesab edir ki, ümummilli lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş apardı:

“Ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi. Dövlət çevrilişlərinin qarşısı alındı. Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas oldu. İşğalçı Ermənistanın hücumlarının qarşısının alınması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirildi. Həyata keçirilən regional və qlobal layihələr Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırdı. Dövlətçiliyinin vacib sferalarda möhkəmləndirilməsi ilə yanaşı, güclü vətəndaş cəmiyyətinin formalaşması məsələsini də prioritet istiqamət kimi seçildi”.

Hicran Hüseynova bildirib ki, ümummilli lider heç bir Azərbaycan ailəsinin taleyinə laqeyd qala bilmirdi:

“Azərbaycanda ailə adətlərimizin ləyaqətlə davam etdirilməsi üçün hər bir imkan və şərait yaradır, bu işdə dəstəyini xalqdan əsirgəmirdi. Heydər Əliyev qadınların cəmiyyətdə sosial statusunu təhsil, səhiyyə, dövlət idarəçiliyi və digər sahələrdəki təmsilçiliyində görürdü. Elə bir sahə yox idi ki, orada qadınların iştirakı olmasın. Bu da qadın hərəkatında bir inkişafa səbəb oldu, eyni zamanda onlar üçün bir stimul rolu oynadı. Qadınların hüquq bərabərliyi, cəmiyyətdəki aparıcı rolu 1995-ci ildə qəbul olunmuş Konstitusiyamızda da öz əksini tapdı”.

Millət vəkilinə görə, milli ideologiyanın yaradılması da Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissəsi olub:

“Azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrildi. Bütün ömrünü Azərbaycanın inkişafına həsr edən ümummilli liderin bu gün ruhu şaddır. Çünki, bu gün onun arzuladığı Azərbaycan var. Torpaqlarımız işğaldan azad olunub, dövlətimizin iqtisadi və siyasi gücü artır, hüquqi və siyasi islahatlar ölkənin daha da yekdil olmasına imkan yaradır”.