BAKI, 10 iyun. TELEQRAF

Qaz təchizatı sektorunda dövlət siyasətinin əsas prinsipləri və dövlət tənzimləməsinin məqsədləri müəyyənləşir.

Teleqraf xəbər verir ki, məsələ parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Qaz təchizatı haqqında" yeni qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, sözügedən sektorda dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:

- qaz təchizatı sisteminin etibarlılığı, dayanıqlılığı, təhlükəsizliyi və səmərəliliyi;
- qaz təchizatı sektorunda idarəetmə və tənzimləmənin effektivliyi və şəffaflığı;
- qaz təchizatı subyektlərinin xidmətlərindən, habelə qaz şəbəkəsindən bərabər və ayrı-seçkiliyə yol verilmədən istifadə imkanının yaradılması.

Həmçinin layihədə dövlət tənzimləməsinin məqsədləri qeyd olunur:

- enerji təhlükəsizliyinin təmin edilməsi;
- qaz təchizatı subyektlərinin və istehlakçıların maraqları arasında balansın təmin olunması;
- istehlakçıların fasiləsiz və təhlükəsiz olaraq etibarlı, keyfiyyətli və əlçatan qaz ilə təmin edilməsi.