BAKI, 29 may. TELEQRAF

Meşə fondunda meşə təsərrüfatının aparılması və meşədən istifadə ilə əlaqədar olmayan tikinti və mədən işlərinin aparılması qaydaları dəyişir.

Teleqraf xəbər verir ki, bu, parlamentin Aqrar siyasət komitəsində müzakirəyə çıxarılan Meşə Məcəlləsində, Mülki Məcəllədə, Vergi Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində, “İcra haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlara təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, meşə fondunda meşə təsərrüfatının aparılması və meşədən istifadə ilə əlaqədar olmayan tikinti və mədən işlərinin aparılmasına, kommunikasiyaların çəkilməsinə və digər işlərin yerinə yetirilməsinə icazə (meşə fondu torpaqlarının qeyri-meşə torpaqlarına keçirilməsi və (və ya) meşə fondu torpaqlarının geri alınması tələb olunmadıqda) müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. İcazədə görülən işlərin adı, müddəti və yerinə yetirilmə şərtləri, ətraf mühitin mühafizəsi barədə tələblər göstərilir. Bu işlərin yerinə yetirilməsi qırma ilə əlaqədar olduqda meşə təsərrüfatı müəssisəsi meşəqırma bileti yazır. Göstərilən işlərin yerinə yetirilməsində tətbiq olunan üsullar meşə fondunun vəziyyətinə və meşələrin bərpasına mənfi təsir göstərməməlidir.

Layihədə isə qeyd olunur ki, meşə fondunda meşə təsərrüfatı və meşədən istifadə ilə əlaqədar olmayan tikinti işlərinin aparılması bu Məcəllənin tələbləri nəzərə alınmaqla Şəhərsalma və Tikinti Məcəlləsinə, “Ətraf mühitin mühafizəsi haqqında” qanununa, dağ-mədən işlərinin aparılması isə “Yerin təki haqqında” qanununa uyğun olaraq həyata keçirilir. İcazədə görülən işlərin adı, müddəti və yerinə yetirilmə şərtləri, ətraf mühitin mühafizəsi barədə tələblər göstərilir. Bu işlərin yerinə yetirilməsi qırma ilə əlaqədar olduqda meşə təsərrüfatı müəssisəsi meşəqırma bileti yazır. Göstərilən işlərin yerinə yetirilməsində tətbiq olunan üsullar meşə fondunun vəziyyətinə və meşələrin bərpasına mənfi təsir göstərməməlidir.