BAKI, 19 may. TELEQRAF
Mirasın qəbul edilməsinin xüsusi müddəti və mirasın qəbul edilməsi vaxtının uzadılması aradan qaldırılır.
Teleqraf xəbər verir ki, bu, Mülki Məcəlləyə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Belə ki, 26 dekabr 2023-cü il tarixli sonuncu qərarla Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən maddələr qüvvədən düşmüş hesab edilib.
Bildirilib ki, mirasın qəbul edildiyi müddəti nəzərdə tutan normalar qüvvədən düşdüyü üçün, mirasın qəbul edilməsinin xüsusi müddətini və mirasın qəbul edilməsi vaxtının uzadılmasını nəzərdə tutulan maddələr də əhəmiyyətini itirib.
Təqdim edilən layihədə həmin maddələrin ləğv edilməsi təklif edilir.
Mövcud qanunvericiliyə görə, əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır.
Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər.
Qeyd olunur ki, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir.
Qanun layihəsi parlamentin Aqrar siyasət komitəsinin bugünkü iclasında müzakirə edilib.