BAKI, 13 may. TELEQRAF
Doğumu dövlət qeydiyyatından kənarda qalmış uşaqların vaxtında müəyyən edilməsi məqsədilə qeydiyyat şöbələri ilə icra hakimiyyəti nümayəndəlikləri arasında sürətli əlaqələndirmənin təşkili və yaranan problemlərin operativ həlli məqsədilə “Whatsapp” sosial şəbəkəsində sorğulama qrupu yaradılıb.
Teleqraf xəbər verir ki, bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2024-cü il üzrə illik məlumatında əksini tapıb.
Sənəddə qeyd olunur ki, həyata keçirilən tədbirlərlə 23 uşağın doğumu qeydə alınıb, 56 uşağın valideynlərinə doğum faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməkdə hüquqi yardım göstərilib, habelə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dövlət və qeyri-dövlət uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair tələbləri əks etdirən normativ sənəd layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib.
Davamlı olaraq aparılan monitorinqlərlə aşkarlanan 100 küçə uşağından 86-sı ailəsinə səfər edilib, baxımsız vəziyyətdə olan 5 uşaq Sosial Xidmətlər Agentliyinin sığınacağına, 1 uşaq körpələr evinə yerləşdirilib, 30 uşağın şəxsiyyətini təsdiq edən sənədlərin alınmasına dəstək verilib, təhsildən yayınan uşaqlar Elm və Təhsil Nazirliyi, sağlamlıq problemləri ilə əlaqədar isə TƏBİB-ə yönləndirilib.