BAKI, 13 may. TELEQRAF

İnsan alverinə qarşı mübarizədə normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi 2024-cü ildə də davam etdirilib, “Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası”nın təsdiq edilməsi barədə qanun layihəsi hazırlanıb və hazırda razılaşdırılma mərhələsindədir.

Teleqraf xəbər verir ki, bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2024-cü il üzrə illik məlumatında əksini tapıb.

Sənəddə qeyd olunub ki, insan alverinə qarşı mübarizədə dövlət qurumlarının qarşılıqlı fəaliyyətində səmərəliliyin artırılması və beynəlxalq öhdəliklərin icrasının təmin edilməsi məqsədilə “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Milli Fəaliyyət Planı”nın layihəsi hazırlanaraq rəy və təkliflərin bildirilməsi üçün aidiyyəti dövlət orqanlarına təqdim edilib.

Vurğulanıb ki, Milli Fəaliyyət Planının aidiyyəti qurumların təklifləri nəzərə alınmaqla yekunlaşdırılması əsas prioritetdir.

Müvafiq sahədə davamlı hüquqi islahatların həyata keçirilməsi, mövcud resursların səmərəli istifadəsi, insan alveri cinayətlərinin iştirakçılarının təqibi, qurbanların aşkarlanması üçün süni intellekt, rəqəmsal alətlərdən istifadə edilməsi, müasir texnologiyaların tətbiqi ilə profilaktika işinin genişləndirilməsi və səmərəsinin artırılması qarşıda duran əsas vəzifələrdir. Hazırda bu istiqamətlərdə fəaliyyət sistemli şəkildə davam etdirilir.

Qeyd edək ki, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı parlamentin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.