BAKI, 10 aprel. TELEQRAF
Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident əlaqələndiricisi İqor Qarafuliç Teleqraf-ın suallarını cavablandırıb.
BMT rəsmisi yeni qəbul edilən BMT–Azərbaycan Əməkdaşlıq Çərçivəsinin (2026–2030) prioritetləri, ölkənin dayanıqlı inkişaf gündəliyinə uyğunlaşma səviyyəsi, eləcə də qlobal çağırışların milli siyasətlərə təsirinə toxunub. O, şəhərsalma, iqlim öhdəlikləri və sosial-iqtisadi davamlılıq kimi məsələlər ətrafında mövcud vəziyyət və perspektivlərinə aydınlıq gətirib.
Müsahibəni təqdim edirik:
- Artıq yeni BMT-Azərbaycan Əməkdaşlığına dair Çərçivə Sənədi (2026–2030) həyata keçirilir. Əvvəlki dövrlə müqayisədə prioritetlərdə ən böyük dəyişikliklər hansılardır?
-Biz ötən ilin oktyabrında əməkdaşlıq çərçivəsini imzaladığımız üçün çox məmnunuq. Fevralda hökumətdəki tərəfdaşlarımızla 2026-cı il üzrə fəaliyyətləri planlaşdırmaq üçün görüşdük. Həmçinin birlikdə həyata keçirəcəyimiz fəaliyyətləri təsdiqlənib və razılaşdırılıb.
Yeni əməkdaşlıq çərçivəsində hökumətin müəyyən etdiyi prioritetlərlə uyğunlaşma var. Azərbaycan hökuməti şəhərsalma və ətraf mühit üzərində işləməyi təklif edib. Ona görə də proqramlarımız hökumətin ehtiyacları ilə sıx şəkildə sinxronlaşdırılıb. Bir cümlə ilə desək, əsas fərq budur ki, indi bu yanaşma tam şəkildə fərdiləşdirilib.
Yəni bu, hökumətin ehtiyac olaraq gördüyü və Birləşmiş Millətlər Təşkilatının həmin sahələrdə məsləhət verə bildiyi formadır. Ona görə də biz məmnunuq, çünki çox yaxşı uyğunlaşma və əlaqə içindəyik.
- Azərbaycan Milli səviyyədə müəyyən edilən töhfəsi (Nationally Determined Contribution) çərçivəsində iddialı hədəflər müəyyən edib. Bu hədəflərin icrasında ən böyük çətinlikləri nədə görürsünüz?
- Son dövrlərdə yaşanan böhranlar və konfliktlər hər kəs üçün çətinliklər yaradacaq. Çünki bu çətinliklər enerji, ərzaq qiymətləri və inflyasiya ilə bağlıdır. Düşünürəm ki, bu mənada Azərbaycan yaxşı hazırlıqlıdır, lakin hazırda üç ay əvvəl planlaşdırdığımız dünya mövcud deyil. Buna görə də Azərbaycan fərqli çağırışları dünyada fəaliyyət göstərməli olacaq. Məncə bu, təkcə Azərbaycan üçün deyil, dünyadakı hər kəs üçün belədir.
- Azərbaycanın növbəti onillikdə diqqət yetirməli olduğu ən təxirəsalınmaz şəhərsalma problemləri hansılardır?
- Azərbaycanın diqqət etməli olduğu prioritetlər Dünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) məzmun kimi ortaya çıxacaq. Orada mənzil məsələsi prioritet kimi müzakirə olunacaq.
Dünyada bir çox insanın mənzil problemi var — layiqli, iş yerinə, nəqliyyata yaxın mənzil kimi problemlər. Dünya Şəhərsalma Forumunda biz dəyirmi masalar və panellərdə müzakirə imkanı əldə edəcəyik. Hətta müxtəlif ölkələrin öz təcrübələrini nümayiş etdirdiyi bir sərgi də olacaq. Beləliklə, yeni çağırışlar WUF13 zamanı aparılan müzakirələrdən formalaşacaq.
Qeyd edək ki, bu gün Bakıda BMT və Azərbaycan hökuməti arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin (UNSDCF 2026–2030) əsas istiqamətləri müzakirə olunaraq təsdiqlənib. Yeni Çərçivə Sənədi üzrə ümumi maliyyə yükü 85.3 milyon dollardır. Bu vəsaitdən layihələrin maliyyələşdirilməsi üçün 51 milyon dollar vəsait mövcud olmaqla, 34 milyon dollar vəsaitin qarşıdakı 5 illik dövr ərzində cəlb olunması nəzərdə tutulub.