BAKI, 13 noyabr. TELEQRAF

Oktyabrda Türkiyədə əcnəbilərə, ümumilikdə, 2106 ev satılıb. Azərbaycan vətəndaşları isə ötən ay qonşu dövlətdən 96 daşınmaz əmlak alıblar. Bu göstərici ötən ilin eyni ayı ilə müqayisədə 23,08 faiz artıb.

Teleqraf Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verir ki, oktyabrda qonşu ölkədə xaricilərə mənzil satışı əvvəlki ilin eyni ayına görə 0,8 faiz azalıb. Yanvar-sentyabr aylarında isə əcnəbilərə mənzil alqı-satqısı ötən ilin eyni dövrü ilə müqayisədə 11,3 faiz azalaraq 17 050 təşkil edib.

Ötən ay ən çox daşınmaz əmlak Rusiya Federasiyası vətəndaşlarına satılıb (315). İkinci yerdə Almaniya vətəndaşları qərarlaşıb – onlar Türkiyədən 191 ev alıb. İran vətəndaşları isə ötən ay 172 mənzil alaraq üçüncü yerdə qərarlaşıblar.

Xatırladaq ki, sentyabr ayında azərbaycanlılar Türkiyədən 67 mənzil alıb. 2024-cü ildə isə ümumilikdə 866 mənzil alınıb.