BAKI, 23 oktyabr. TELEQRAF
2026-cı ildə Azərbaycanda ərzaq təhlükəsizliyi tədbirləri üçün 512,7 milyon manat vəsaitin xərclənməsi nəzərdə tutulub.
Teleqraf xəbər verir ki, bu barədə məlumat “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd olunub.
Bildirilib ki, Ərzaq təhlükəsizliyi tədbirləri üçün ayrılmış vəsait hesabına fermerlərə kənd təsərrüfatı istehsalı vasitələrinin alınmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə bitki becərilən sahənin hər hektarına görə verilən əkin, tədarükçülərə təhvil verilən bitkiçilik məhsulunun hər tonuna görə verilən məhsul, sertifikatlı 1-ci və 2-ci reproduksiyalı toxum və tinglərin satışına görə verilən toxum, yerli heyvanların cins tərkibinin yaxşılaşdırılması, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması məqsədilə süni mayalanma yolu ilə alınan hər bir sağlam buzova görə verilən heyvan, Azərbaycan Respublikasında istehsal edilib tədarükçülərə təhvil verilən yaş baramanın hər kiloqramına görə verilən barama subsidiyalarının, habelə lizinqə verilən və lizinq yolu ilə satılan texnikalara, suvarma sistemləri dəstinə və damazlıq heyvanların alınması üçün kənd təsərrüfatı istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına verilən güzəştlərin, kənd təsərrüfatı sahəsində digər tədbirlərin maliyyələşdirilməsi təmin olunacaq.