BAKI, 15 oktyabr. TELEQRAF
"TƏBİB vətəndaşlarımızın tibbi xidmətləri xaricdə deyil, məhz ölkədə əldə etməsinə çalışır. Bunun üçün xəstəxanalarımızın infrastrukturunun təkmilləşdirilməsi, maddi-texniki bazanın gücləndirilməsi və kadr potensialının artırılması istiqamətində ciddi işlər görülüb".
Teleqraf xəbər verir ki, bunu TƏBİB-in Strateji inkişaf departamentinin rəhbəri Murad Mirzəyev II "Azərbaycan Sağlamlıq Turizmi Konfransı"nda jurnalistlərə açıqlamasında bildirib:
"Hazırda xaricdə təhsil almış azərbaycanlı həkimlər ölkəmizə qayıdaraq xəstəxanalarımızda fəaliyyət göstərir və vətəndaşlarımıza yüksək səviyyəli xidmət göstərirlər. Bununla yanaşı, artıq növbəti mərhələyə keçid etmişik və yerli vətəndaşlarla yanaşı, əcnəbilərə də tibbi xidmət göstərməyi hədəfləyirik. Bu istiqamətdə ilkin addımlar atılıb, ölkənin tibbi turizm konsepsiyasının hazırlanması üzərində işlər davam edir".
Onun sözlərinə görə, Dövlət Turizm Agentliyi ilə birgə ortaq strategiya hazırlanıb və tədbirlər planı icra olunur:
"Hədəf ölkələr müəyyənləşdirilib və gələn ilin mart ayında həmin ölkələrdən tur operatorların Azərbaycana səfəri planlaşdırılır. Onlara TƏBİB-in və bəzi özəl xəstəxanaların imkanları təqdim ediləcək. Səfərdən sonra həmin nümayəndələr gördüklərini öz ölkələrində tanıdaraq Azərbaycanın tibbi turizm potensialının təşviqinə töhfə verəcəklər".