BAKI, 19 sentyabr. TELEQRAF
Azərbaycan Turizm Bürosu 15-19 sentyabrda Çinin Pekin, Şanxay və Quançjou şəhərlərində silsilə tədbirlərlə çinli və azərbaycanlı turizm sənaye nümayəndələrini bir araya gətirib.
Dövlət Turizm Agentliyindən Teleqraf-a verilən məlumata görə, görüşlər çərçivəsində ATB nümayəndələri və turizm sənayesi tərəfdaşları çinli şirkətlərlə əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Nümayəndə heyəti Azərbaycannın Çində fövqəladə və səlahiyyətli səfiri Bünyad Hüseynovla səfirlikdə görüşüb.
Proqram çərçivəsində Azərbaycan Turizm Bürosu ilə Çinin aparıcı onlayn turizm platforması “Qunar” arasında Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, Azərbaycanın turizm imkanları “Qunar” platformasının geniş rəqəmsal kanalları vasitəsilə Çin bazarında birgə təbliğ olunacaq və innovativ yanaşmalar tətbiq edilməklə ölkəmizin turizm istiqaməti kimi mövqeyi gücləndiriləcək.
Qeyd edək ki, “Fliggy”, “Trip.com” və “8Continents” kimi aparıcı turizm şirkətlərinin qatıldığı işgüzar şam yeməyi 60-ya yaxın Çin turizm sənayesi nümayəndəsi və 20 yerli turizm sənayesi təmsilçisini bir araya gətirib. Silsilə tədbirlər Quançjou şəhərində təşkil olunan B2B görüşlərlə yekunlaşıb.