BAKI, 18 sentyabr. TELEQRAF

Azərbaycan və Çin kənd təsərrüfatı üzrə birgə işçi qrupun yaradılması, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması məsələlərini müzakirə edib.

Kənd Təsərrüfatı Nazirliyindən Teleqraf-a verilən məlumata görə, nazir Məcnun Məmmədov Çin Xalq Respublikasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Lu Mey ilə görüşüb.

Görüşdə nazir Azərbaycanda aqrar sektora dövlət dəstəyi barədə ətraflı məlumat verib. O bildirib ki, Azərbaycanla Çin arasında bütün sahələrdə əməkdaşlıq dinamik inkişaf edir. Azərbaycan Çin ilə iqtisadi və ticarət əlaqələrinin gücləndirilməsinə yönəlmiş bütün təşəbbüsləri tam dəstəkləyir.

Çin Xalq Respublikasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Lu Mey isə ölkəsinin Azərbaycanla dost ölkə olduğunu və bütün sahələrdə tərəfdaşlığın inkişafında maraqlı olduğunu vurğulayıb. O, kənd təsərrüfatı, innovasiya və texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcudluğunu qeyd edib.

Həmçinin görüşdə aqrar sahədə əməkdaşlığın və hüquq-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı üzrə birgə işçi qrupun yaradılması, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, kənd təsərrüfatı sahəsində ən müasir texnologiyaların transferi, aqrar tədqiqat və innovasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.