BAKI, 17 sentyabr. TELEQRAF

Azərbaycan Yaponiya ilə kənd təsərrüfatı sahəsində əməkdaşlığı gücləndirilməyi planlaşdırır. Bu istiqamətdə müasir texnologiyaların tətbiqi və birgə işçi qrupun yaradılması kimi məsələlər müzakirə edilib.

Kənd Təsərrüfatı Nazirliyindən Teleqraf-a verilən məlumata görə, nazir Məcnun Məmmədov Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Katsuya Vatanabe ilə görüşüb.

Görüşdə nazir Azərbaycanda aqrar sektora dövlət dəstəyi barədə ətraflı məlumat verib. O bildirib ki, Azərbaycanla Yaponiya arasında bütün sahələrdə əməkdaşlıq dinamik inkişaf edir. Azərbaycan Yaponiya ilə iqtisadi və ticarət əlaqələrinin gücləndirilməsinə yönəlmiş bütün təşəbbüsləri tam dəstəkləyir.

Həmçinin görüşdə Yaponiyanın müvafiq universitetləri ilə əlaqələrin qurulması, Yaponiya Beynəlxalq Əməkdaşlıq Sistemi tərəfindən təşkil edilən təlimlərdə Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssislərinin mütəmadi iştirakının təmin olunması, biofermaların yaradılması və hidroponik üsulla becərmə sahəsində bu ölkənin təcrübəsinin öyrənilməsi məsələləri müzakirə olunub.