BAKI, 19 avqust. TELEQRAF
Dövlət Neft Şirkəti (SOCAR) qazın nəqli, paylanması, saxlanması, topdan satışı, idxalı və pərakəndə satışı, həmçinin idxalı məqsədilə tabeliyində ayrıca hüquqi şəxslər yaradacaq.
Teleqraf xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin bu gün imzaladığı 2025-ci il 8 iyul tarixli “Qaz təchizatı haqqında” Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə Fərmanda qeyd edilib.
Bildirilib ki, Dövlət Neft Şirkəti “Qaz təchizatı haqqında” Qanununa uyğun olaraq, qazın nəqli, paylanması, saxlanmasını, topdan satışı və idxalı, habelə pərakəndə satışını həyata keçirmək məqsədilə 2027-ci il yanvarın 1-dək tabeliyində ayrı-ayrı hüquqi şəxslərin yaradılmasını, həmin hüquqi şəxslərdə mütərəqqi korporativ idarəetmə prinsiplərinin tətbiqini, o cümlədən onların müşahidə şuralarının yaradılmasını təmin edib Prezidentə məlumat verməlidir.