BAKI, 1 avqust. TELEQRAF
2-3 avqust tarixlərində “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda növbəti “Kənddən Şəhərə” yarmarkası keçiriləcək.
Kənd Təsərrüfatı Nazirliyindən Teleqraf-a verilən məlumata görə yarmarkanın məqsədi yerli fermerlərə dəstək göstərmək, onların məhsullarının satış imkanlarını artırmaq və şəhər sakinlərini sağlam, təbii kənd məhsulları ilə təmin etməkdir.
Yarmarkada ölkənin müxtəlif bölgələrindən təxminən 20 rayondan 25-ə yaxın fermer iştirak edəcək. Fermerlər 90-a yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsulunu şəhər sakinlərinə birbaşa təqdim edəcəklər.
Yarmarka saat 09:00-dan 19:00-dək, iki gün ərzində Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 5 ünvanında (“Gənclik” metro stansiyasının yaxınlığı) fəaliyyət göstərəcək.
Qeyd edək ki, məhsulların təhlükəsizliyinə və keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Məhsulların keyfiyyəti ilə bağlı hər hansı sualı yaranan vətəndaşlar ərazidə fəaliyyət göstərəcək Səyyar Qida Laboratoriyasına yaxınlaşaraq məhsulları analiz etdirə bilərlər.