BAKI, 1 iyul. TELEQRAF
Azərbaycan Hökuməti və Dünya Bankı arasında “Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi layihəsi” üzrə kredit müqaviləsi imzalanıb.
Maliyyə Nazirliyindən Teleqraf-a verilən məlumata görə “Azərenerji” ASC ilə Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında “Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi layihəsi” üzrə Kredit Müqaviləsi” və “Azərbaycan Respublikası ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında “Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi layihəsi” üzrə Zəmanət Sazişi” imzalanıb.
173,5 milyon dollar məbləğində olan kredit sazişini “Azərenerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev və Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Ştefani Ştallmayster imzalayıblar. Zəmanət sazişinə isə Azərbaycan Hökuməti adından maliyyə naziri Sahil Babayev və xanım Ştallmayster imza atıblar.
Layihə çərçivəsində ayrılan vəsait Azərbaycanda tikilməkdə olan bərpa olunan enerji mənbələri (BOEM) stansiyalarının enerji sisteminə təhlükəsiz inteqrasiyası məqsədilə enerji ötürücü infrastrukturun gücləndirilməsinə yönələcək. 5 illik güzəşt dövrü olmaqla 15 illik müddətə verilən kreditin qaytarılması 2039-cu ilin sonunda başa çatacaq.
Azərbaycan Hökumətinin layihədə 31,2 milyon ABŞ dolları həcmində iştirak payı nəzərdə tutulur ki, bu da əsasən ƏDV və gömrük rüsumlarının ödənilməsi formasında həyata keçiriləcək.
Dörd il ərzində icrası planlaşdırılan layihə “Azərenerji” ASC-nin enerji sisteminin dayanıqlığını artırmaqla yanaşı, gələcəkdə BOEM-lərin şəbəkəyə təhlükəsiz qoşulmasını təmin edəcək. Bu məqsədlə Dünya Bankı 341 km uzunluğunda 500 və 330 kV-luq 4 elektrik verilişi xəttinin tikintisini və 500/330/10 kV-luq Nəvahi Yarımstansiyası üçün transformator və əlaqəli avadanlıqların alınmasını maliyyələşdirəcək.